Gürcüstanda avtomobillər kəskin bahalaşacaq
2016-cı ilin mart atından etibarən Gürcüstanda avtomobillər orta hesabla 30% bahalaşacaq, bundan başqa, satılan avtomobillərin sayı və onların geri ixracı azalacaq.
Bu barədə Oxu.Az Qruziya Onlayn saytına istinadən xəbər verir.
Gürcüstanın “Rezonans” qəzeti yazır ki, baş verəcək proseslərin səbəbi isə Gürcüstan hökumətinin sükanı sağda olan avtomobillərin qeydiyyatını ləğv etməyə hazırlaşmasıdır. Bununla da, ölkəyə ucuz Yaponiya istehsalı olan avtomobillərin idxalı azalacaq.
Yeni qərar həm cəmiyyət, həm də ekspertlər arasında rezonas doğurub.
Ekspertlərin fikrincə, yeni qərar ölkəyə yeni avtomobillərin idxalını stimullaşdıracaq və eyni zamanda bu qərar qiymətlərə negativ təsirə malik olmayacaq.
Bəzi ekspertlər isə hesab edirlər ki, qərar çox tələsik verilib. Belə ki, 2015-ci il Gürcüstanın avtomobil bisnesi üçün elə də uğurlu il olmayıb, məhz bu qərardan sonra 2016-cı il bu sektor üçün daha ağır ola bilər.
Başqa bir ekspert David Mesxişvilinin fikrincə, hökumətin sükanı sağda olan avtomobillərin qeydiyyatını ləğv etməyə hazırlaşması, Gürcüstanda avtomobillərin qiymətini 30% bahalaşdıra bilər.
“Belə ki, 10-11 il əvvəl istehsal olunmuş maşınlara görə gömrük rüsumları artır. Məsələn, mühərrikinin həcmi 2 litr olan avtomobil üçün Gürcüstanda 4 min lari gömrük rüsumu ödəmək gərəkdir”, - deyə ekspert deyib.
Qruziya Online həmçinin yazır ki, qonşu respublikalara Gürcüstanın avtomobil ixracı da kəskin azalıb:
“Cari ilin 10 ayı ərzində Gürcüstandan Azərbaycana avtomobil ixracının həcmi nə az nə çox düz 4 dəfə azalaraq, 57,7 milyon dollar təşkil edib. Ötən ilin anoloji dövründə isə bu rəqəm 231 milyon dollar idi”.
Mənbə:> Oxu.Az