ABŞ konqresmenlərinin qərarı neftin qiymətini ucuzlaşdıra bilər
ABŞ konqresinin liderləri ölkədən neftin ixrac edilməsinə qoyulan qadağanı ləğv etmək haqqında razılığa gəliblər, Bloomberg agentliyi məlumat yayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, agentlik bu addımın Amerika Birləşmiş Ştatlarını dünya energetikası siyasətinin sükanı arxasında qoyduğunu deyən Texas ştatının respublikaçı konqresmeni Co Bartonun sözlərindən sitat gətirir.
Əldə edilmiş razılaşma Senat və nümayəndələr palatası tərəfindən təsdiqlənməlidir, amma qanunvericinin sözlərinə görə, bu addım artıq böyük qələbədir.
Son iki ay ərzində ABŞ konqresinin nümayəndələr palatası iki dəfə respublikaçılar tərəfindən təqdim edilən qanun layihəsinə səs verib. Qanun layihəsində Amerika neftinin ixracına qoyulan qadağanın ləğv edilməsi nəzərdə tutulur, amma hər iki dəfədə bu təşəbbüs Senat tərəfindən dəstəklənməyib.
Prezident Barak Obamanın administrasiyası embarqonun ləğvi üçün çıxış edib. Ağ evin mətbuat katibi Coş Ernest bəyan edib ki, bu məsələ üzrə qərarı konqres deyil, Ticarət Nazirliyi qəbul etməlidir.
Ağ evin administrativ-büdcə idarəsində bəyan ediblər ki, konqresin qərarı qəbul edildiyi təqdirdə dövlət başçısının müşavirləri ona qərarı blok etməyi tövsiyə edəcəklər.
Eyni zamanda, The Wall Street Journal qəzetinin məlumatına görə, Ağ ev, əgər bu ümumi vergi-büdcə qanunvericiliyinin tərkib hissəsi olarsa, embarqonun ləğvinə razılaşa bilər. Buna dair konqresin hər iki palatasında mübahisələr gedir.
ABŞ-dan xammal neftin xaricə tədarükünə qadağa federal qanun şəklində tərtib edilərək 1975-ci ildən qüvvəyə minib. Bu hüquqi-normativ akt ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra hazırlanıb.
ABŞ şirkətləri təbii qazı xaricə yalnız lisenziya üzrə tədarük edə bilər, lisenziyalar hökumət tərəfindən verilir. Amerika şirkətləri digər ölkələrə kömür və benzin də daxil olmaqla neftin emal edilmiş məhsullarını azad şəkildə tədarük edə bilərlər.
Mənbə:> Oxu.Az