KFC-də ayaqyolu qalmaqalı
Bakıdakı KFC-də ayaqyolu qalmaqalı baş verib. Bu barədə Ləman Əsgərova adlı bir xanım sosial şəbəkədə paylaşım edib.
AzNews.info xəbər verir ki, Ləman Əsgərova, dostları Fərid Kərimov, Natalya İsmayılova və Vlada Axundova ilə birlikdə fəvvarələr bağında yerləşən KFC-ə gediblər. Ləman xanımın dediyinə görə fast food sevmədiyindən bu onun bura ilk gəlişi olub. Xeyli müddət orada olduqları üçün 3 dəfə sifariş veriblər.
Sonda durub gedərkən ayaqyoluna baş çəkmək istəyən xanımlar adı çəkilən otağı çətinliklə tapdıqdan sonra oranın qapısının kodla olduğunu görüb yaxınlıqda duran şirkət əməkdaşlarından birindən bunun nə məsələ olduğunu aydınlaşdırmaq istəyiblər:
"O, ilk öncə bizi başdan ayağa süzdü. Sonra kodu bilmək üçün sifariş etmək lazım olduğunu və sifarişin məhz qəbzdə yazıldığını dedi. Biz, bunu bizə heçkimin demədiyini, sifarişimizi isə qəbzlə birgə atdığımızı bildirdik. Daha sonra çevrilib yaxınlıqdakı stolda əyləşən xanımdan onun qəbzini xahiş etdim. O da, öz növbəsində mehribancasına qəbzi mənə uzatdı. Koda baxıb qəbzi qaytardım və təşəkkürümü bildirdim. Kodu daxil edib ayaqyoluna daxil olmaq istərkən dialoqa xadiməçi xanım qoşularaq, bura yalnız öz qəbzinlə girmək mümkün olduğunu bildirdi. Dialoq daha da alovlanaraq mübahisəyə çevrildi. Kod lazım olduğunu mənə heçkimin demədiyini və mənim bunu necə bilməli olduğumu deyəndə ayaqyolunun girişində bu barədə 3 dildə xəbərdarlıq olduğunu bildirdi. Qeyd edim ki, həmin yazını nə girişdən, nə də zaldan görmək mümkün deyil." -deyə Ləman xanım yazır.
Buna baxmayaraq o və dostları içəri keçiblər. Bu zaman xadiməçi xanım onların ardı ilə içəri girərək, necə deyərlər əməlli-başlı "konsert" verib. Bu zaman Ləman xanım əsəbləşərək birbaşa menecerə yaxınlaşaraq iradlarını bildirib. Menecer cavab verib ki, bu barədə onlara kassir məlumat verməli idi. Nəinki xəbərdarlıq, heç qəbz də verilmədiyini yadına salan Fərid söhbət əsnasında bunu menecerə bildirib.
Sonda Ləman xanım özünü təqdim edərək bu məsələni ictimailəşdirəcəyinə söz verib.
Qeyd olunan məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini paylaşmağa hazırıq.
Mənbə:> AzNews.info