Azərbaycan İnternet Forumu: Hökumət ciddi tədbirlər görməlidir
Ötən gün, noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem yaranıb. Ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb.
Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan İnternet Formundan (AİF) bildirilib.
Qeyd olunub ki, İnternet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90%-ni təmin edən Delta Telecom şirkətində baş verən yanğınla bağlı olub.
Yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq mühifizə orqanlarının bununla bağlı təhqiqat apardığı bildirilir.
“Baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, infromasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir”, - deyə AİF-dən qeyd edilib.
Forumdan bildiriblər ki, son illərdə ölkənin milli informasiya fəzasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb:
“Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.
AİF Delta Telecom tərəfindən Azərbaycan İnternetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atdığı addımları da müsbət dəyərləndirir.
Bununla belə, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir”.
Mənbə:> Oxu.Az