Azərbaycanda bu məhsullar bahalaşdı – SİYAHI
Cari ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.
Bu barədə Dövlət Statistika Komitəsində Oxu.Az-a bildirilib.
Məlumata görə, ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1% artıb.
Komitənin məlumatına görə, ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, şəkər, toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, portağal, banan, xiyar, pomidor, badımcan, şirin bibər, soğan, sarımsağ, kartofun qiymətlərində bahalaşma müşahidə edilib.
“Qoyun əti, limon, naringi, alma, armud, üzüm, heyva, nar, qoz, fındığ, şabalıd, kələm, göyərti, balqabağ, göy lobya, çuğundur, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - komitədən qeyd edilib.
Komitədən həmçinin qeyd edilib ki, oktyabrda qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında ərzaq məhsulları 0,6%, qeyri-ərzaq məhsulları 0,1 % bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərdə isə dəyişikliklər baş verməyib. Ümumilikdə, istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3% artıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli