Yaxın 3 ildə devalvasiya gözlənilmir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Yaxın 3 ildə devalvasiya gözlənilmir

Yaxın 3 ildə devalvasiya gözlənilmir


2016-cı ildə - ümumiyyətlə, qarşıdakı 3 ildə ölkəmizdə makroiqtisadi gözləntilər sırasında manatın dəyəri - onun devalvasiyaya uğrayıb, uğramayacağı maraq kəsb edən məsələlərdəndir. Belə ki, 2016-cı ilin icmal və dövlət büdcələri layihələrində qeyd olunur ki, ölkə iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir.

Xatırladaq ki, sözügedən layihələrə əsasən növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozları və neftin qiymətindəki qeyri-müəyyənlik nəzərə alınaraq, 2016-cı il icmal və dövlət büdcələrinə gəlirlərin hesablanması xam neftin satış qiymətinin 1 barrelə görə 50 ABŞ dolları səviyyəsində götürülməsi ilə planlaşdırılıb.

Eyni zamanda əlavə olunub ki, xarici valyutada ifadə olunan büdcə daxilolmaları və xərclərin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi 1,05 manat həddində qəbul edilir.

Bu isə o deməkdir ki, hökumət qarşıdakı 2016, 2017, 2018-ci illər ərzində manatın ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsini sabit səviyyədə proqnozlaşdırır. Yəni, 2016-cı il də daxil olmaqla, qarşıdakı 3 ildə milli valyutanın məzənnəsinin bivalyuta səbətinə daxil olan valyutalara nisbətdə dəyişməz qalacağı gözlənilir: 1 ABŞ dollarının 1,0500, 1 avronun isə 1,1332 manat səviyyəsində...

Ancaq məsələ bundadır ki, manatın dəyərinin ucuzlaşacağı haqda fikir və proqnozlar səngimək bilmir. Bu arada, Asiya İnkişaf Bankı (AİB) da saytında yerləşdiyi hesabatında növbəti ilin əvvəlində Azərbaycanda milli valyutanın ikinci dəfə devalvasiyaya uğrayacağı haqda məlumat verib.

Halbuki, adı çəkilən qurumun ölkəmizə dair növbəti il üçün irəli sürdüyü digər makroiqtisadi gözləntilər olduqca qənaətbəxş səviyyədədir. Bura daxildir, ümumi daxili məhsul istehsalı, inflyasiya və sair göstəricilər...

Sözümüz bunda deyil.

AİB vurğulayıb ki, manatın dəyəri üçün sabitlik yaradan faktorlar bu il kəskin şəkildə zəifləyib. Hesabatda qeyd olunub ki, neftin qiyməti 1 barelə görə 50 dollardan aşağı səviyyəyə düşüb. Və buna müvafiq olaraq, ölkənin rəsmi valyuta ehtiyatları həcmi də yanvar-avqust ayları ərzində 30 %-dən çox azalıb. Odur ki, AİB-in qənaətincə, sözügedən tendensiya uyğun olaraq ikinci devalvasiya tədbiri qaçılmaz xarakter daşıyır.

Bəs, bu, nə dərəcədə düzgün proqnozdur? Cari ilin fevral ayının 21-i tarixdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən manatın dəyəri dollara nəzərən 34 % ucuzlaşdırdıqdan sonra yenə belə bir addım atıla bilərmi?

Ümumiyyətlə, ölkəmizdə növbəti dəfə devalvasiya baş verə bilərmi?

Neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri ucuzlaşması ilə əlaqədar Azərbaycanda baş verən iqtisadi hadisələr sırasında cari il ən çox güman ki, məhz manatın fevralın 21-də ABŞ dolları ilə avroya görə AMB tərəfindən kəskin korrektə edilməsi, başqa sözlə desək, ucuzlaşdırılması ilə yadda qalacaq.

Doğrudur, ilin başa çatmasına hələ 3 ay var. Lakin qeyd olunduğu kimi 2016-cı ilin icmal və dövlət büdcəsi layihələri artıq ortalıqda olduğundan bu ilin sonunadək ikinci dəfə anoloji addımın atılacağı gözlənilmir. Təkrar edirik ki, xarici valyutada ifadə olunan büdcə daxilolmaları və xərclərin hesablanmaları üçün manatın ABŞ dollarına nəzərən məzənnəsi 1,05 manat həddində qəbul edilib.

Bunun müqabilində devalvasiya addımı atılsa belə, birincidə olduğu kimi kəskin xarakterdə ola bilməz.

Ümumiyyətlə, burada bir məqam vardır. O da bundan ibarətdir ki, manatın dəyərinin qeyd olunduğu kimi ilin əvvəlində korrektə olunaraq ucuzlaşdırılması qaçılmaz tədbir idi. Bununla həm ölkənin valyuta ehtiyatlarının sürətlə əriməsinin qarşısı alındı, həm milli pul vahidimizin real dəyəri təmin edildi, həm dövlət büdcəsinə gəlirlərin təminində əsas mənbələr üzrə mövcud mexanizm və prosedur sadələşdirildi, həm də ölkə iqtisadiyyatında idxala münbit şəraitin nisbətən aradan qaldırılması ilə yerli istehsalın mənafeyi müəyyən mənada sığortalandı.

Yeri gəlmişkən, AMB-in rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü ilin dekabrında 1 milyard 238 milyon dollar azalmışdısa, cari ilin ilk ayı ərzində 1 milyard 77 milyon 500 min, fevralda 1 milyard 676 milyon 400 min, martda 1 milyard 532 milyon 300 min, apreldə isə 1 milyard 84 milyon 200 min dollar təşkil etdi. May və iyun aylarında isə uyğun olaraq 42 milyon 900 min və 89 milyon 400 min dollar həcmində cüzi artım əldə olunmaqla sabitlik yarandı.

Ancaq, iyul və avqust aylarında uyğun olaraq 18 milyon 700 min və 1 milyard 200 milyon dollara yaxın təşkil etməklə, yenidən azalma baş verdi.

Ümumiyyətlə, AMB-in fevralın 21-dəki devalvasiya qərarı ilə manatın xarici valyutalara görə məzənnəsinin real olaraq təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olundu.
Odur ki, manatın yaxın perespektivdə taleyi də məhz qeyd olunan amillərin mövcud vəziyyətindən asılı olacaq. Belə ki, dövlət büdcəsinin təminində daxili valyuta bazarında müvafiq atmosfer bu mənada barometr rolu oynayacaq ki, ölkəmizin mərkəzi bankı tərəfindən dollar ifadəsində nə qədər az intervensiya tədbirləri az həyata keçirərsə manatın növbəti dəfə də ucuzlaşdırılması məsələsi də, bir o qədər gündəlikdən kənarda qalacaq.

Yeri gəlmişkən, AİB-in proqnozuna əsasən inflyasiya birrəqəmli səviyyəni aşmayacaq ki, 2016-cı ildə (5,5 %) bu ildəkindən (6 %) hətta az təşkil edəcək.

Mənbə: Oxu.Az - Pərviz Heydərov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *