“iPhone”ların Azərbaycana gətirilməsinə qadağa qoyuldu – FOTO
Son bir neçə ayda xarici ölkələrdən Azərbaycana “Apple” şirkətinə məxsus məhsulların gətirilməsinə qadağa qoyulub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə artıq onlayn ticarətlə məşğul olan saytlar xəbərdarlıq elanı yayımlayıblar.
Elan yalnız “Apple” şirkətinə məxsus mobil telefon, planşet və digər məhsullara aiddir. Başqa şirkətlərin avadanlıqları heç bir problem olmadan sifariş olunur və ünvana çatdırılır.
“iPhone”lar üçün hər məhsulun lövhəsində yerləşdirilən elanda qeyd olunur ki, gömrükdə həmin məhsula görə əlavə pul tələb edə bilərlər. Elan bildirilir ki, saytda qeyd olunan qiymətlərə gömrük xərci daxil deyil. Gömrükdə yaranacaq əlavə xərcləri öyrənmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq tövsiyə edilir.
Halbuki qanunvericiliyə əsasən 1000 ABŞ dolları məbləğinə qədər edilən sifarişlərə gömrük rüsumu tutulmur.
Şirkətdən “Qafqazinfo”ya bildirib ki, onlara “iPhone” sifarişi götürməmələri tapşırılıb: “Deyirlər ki, “Apple”nin məshullarını gömrük saxlayır, buraxılmayacaq. Biz də müştərilərlə problem yaranmasın deyə öncədən xəbərdarlıq yaymışıq”.
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən biri “Qafqazinfo”ya məlumat verərək bildirib ki, bu barədə qeyri-rəsmi qadağa var: “iPhone”ların gətirməsinə qadağa qoyulub, bu “kommerski” qərardı. Bir şirkət distiributerliyi öz üzərinə götürüb, qoymur başqaları gətirsin. Deyir ancaq mən gətirə bilərəm, məndən başqa heç kim gətirə bilməz. Son zamanlar xaricdən internet üzərindən sifariş kütləvi hal aldığı üçün qoymurlar. Sifariş verdiyin “Apple” şirkətinə aid məhsulun gəlib sənə çatacağına nə poçtlar, nə də vasitəçi şirkətlər zəmanət verə bilir”.
Qeyd edək ki, Azərbaycanda satışı həyata keçirilən “iPhone”lar xaricdən sifariş edilən eyni məhsulla müqayisədə 2 dəfə bahadır. Belə ki, “İphone 6 16 GB Gold” telefonu “İrşad Telekom”da 1198 manat, Dubaydan sifariş olunduqda isə 636 manata başa gəlir.
“iPhone 6 Plus 128 GB Space Gray” Bakıda 1739 manat, eyni telefonun Dubaydan sifarişlə qiyməti 869 manatdır.
Qadağa ilə bağlı artıq bir çox telefon satışını həyata keçirən şirkətlərdə “Apple” məhsulları tükənir. “İrşad Telekom”un saytında satışda yalnız iki “iPhone” olduğu görünür.
Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov telefon zənglərimizə cavab vermədiyi üçün dövlət qurumunun bu barədə münasibətini öyrənə bilmədik.
Qeyd edək ki, bu məsələ iki ay öncə də gündəmə gəlmişdi. Bu il avqust ayının 1-dən etibarən Azərbaycanda nazirlərdən biri “Apple” məhsullarının ölkəyə gətirilməsi ilə məşğul olmağa başlayıb. Qadağanın da buradan qaynaqlandığı qeyd olunur.
Mənbə:> Qafqazinfo.az