AZAL özəlləşməyəcək
Dövlət aviaşirkətlərinin özəlləşdirilməsi məqsədəuyğun deyil.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar və energetika, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deputatların suallarını cavablandırarkən deyib.
S.Şərifov bildirib: "Məsələn, ABŞ-da özəl aviaşirkətlər daim müflis olur. Nəticədə hökumət onlara sərmayə qoymağa məcbur olur. Bundan sonra onların vəziyyəti yaxşılaşır. Kiçik ölkələrin təcrübəsinə gəlincə, əksər hallarda bu ölkələrdə aviaşirkətlər bu və ya digər yolla hökumətdən subsidiyalar alırlar".
Nazir buna misal qismində Yunanıstanın 20-30 ildir özəlləşdirilməsinə cəhd edilən "Olympic Air" aviaşirkətini göstərib. Bu istiqamətdə hələ heç bir nəticə yoxdur.
S.Şərifov Rusiyanın bu yaxınlarda müflis olan "Transaero" özəl avişirkətini də xatırladıb. Şirkətin borcları 4 milyard dolları ötürdü.
O, qeyd edib: "Biz bu məsələyə ehtiyatla yanaşmalıyıq. Aviadaşımalar sektoru o qədər həssasdır ki, əgər özəl şirkətlər bu sahədə xidmətləri düzgün göstərməsə, hökumət müdaxilə etmək məcburiyyətində qalacaq".
Mənbə:> Virtualaz.org