Bakı rusiyalı turistlərin 10 ən populyar MDB şəhərləri sırasındadır
Travel.ru portalı bu il rusiyalı turistlər arasında hansı şəhərlərin daha populyar olduğunu müəyyənləşdirib. Reytinq MDB ölkələrinin otellərində 2015-ci ildə turizm firmalarının dəstəyi olmadan, sərbəst səyahət edən rusiyalı turistlərin bronları əsasında tərtib edilib.
Oxu.Az xəbər verir ki, turistlər arasında populyar olan MDB şəhərlərinin ilk onluğuna Minsk, Kiyev, Almatı, Bakı, İrəvan, Astana, Vitebsk, Bişkek, Taşkent və Kişinyov daxildir.
Turistlər arasında ən populyar MDB ölkələrinin beşliyinə Belarus (səfərlərin 37%-i), Ukrayna (22%), Qazaxıstan (16%), Azərbaycan (9%) və Ermənistan (7%) daxildir.
Travel.ru portalının məlumatına əsasən, turistlər keçən il ilə müqayisədə MDB ölkələrində 1,5 dəfə daha çox onlayn bronlar ediblər. Ümumilikdə bu region üzrə turistlər dörd gün müddətinə səfər edirlər və sutkada otelə 80 dollar ödəyirlər.
Minskdə turistlər otelə sutkada 73 dollar, Kiyevdə - 87 dollar, Almatıda - 84 dollar, Bakıda – 78 dollar, İrəvanda isə 63 dollar xərcləyirlər.
MDB-nin ən bahalı paytaxtı Astana (sutkada 115 dollar), ən ucuzu isə Bişkekdir (sutkada 30 dollar).
Yay mövsümünün yekunlarına görə, rusiyalı turistlər arasında MDB-nin ən populyar kurortlarının beşliyinə İssık-Kul (Qırğızıstan), Naroç gölü (Belarus), Borovoy (Qazaxıstan), Nabran qəsəbəsi (Azərbaycan) və Sevan gölü (Ermənistan) daxildir.
Mənbə:> Oxu.Az