Azərbaycanlı oliqarxın qızı milyonlarını nümayiş etdirdi – FOTO
Virtualaz.org saytı sosial şəbəkələrdə öz var-dövlətini və bohem həyat tərzini utanmadan gen-bol təbliğ edən məmur və oliqarx övladları barədə dəfələrlə yazıb. Onların öz bahalı saatları, gözqamaşdıran brilyantları, dəbdəbəli ev və avtomobilləri ilə necə öyündükləri haqda bəhs edib.
Azərbaycanda bir neçə aydır ki, “kredit oliqarxları” işi üzrə siyasi qalmaqal yaşanır. Bu işin əsas fiqurantlarından biri də ata və oğul Nizami və Nəsib Piriyevlərdir. Ölkənin əsas bankı olan Beynəlxalq Banka qaytarılmayan kreditlərin ümumi həcmi 1 milyard dollara yaxındır. Ata Piriyev buna görə həbsə də düşüb-çıxdı. Oğul Piriyev isə qaçıb. İnterpol Nəsib Piriyevi bu günlərdə axtarışa verib. Oğul Piriyevin Beynəlxalq Banka 170 milyon dollar kredit borcu var.
Bəs Piriyevlərin biznes layihələrinin həyata keçirilməsi üçün ayrılmış bu dövlət vəsaiti hara xərclənib, necə xərclənib?
Bu suala cavab tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Fərəh Piriyeva və Rubina Əsədova adlı şəxslərin İnstagram səhifəsinə nəzər salmaq kifayətdir.
Fərəh Piriyeva kimdir? Nizami Piriyevin qızı! Yəni Beynəlxalq Bankdan 170 milyon dollar götürüb Londonda gizlənən Nəsib Piriyevin doğmaca bacısı!
Rubina Əsədova isə Nizami Piriyevin qaynı Namiq Əsədovun qızıdır! Namiq Əsədov “Butastone” şirkətinin sahibidir. Həm də Piriyevlərin “AzMeCo” şirkətinin və digər biznes qurumlarının direktorudur.
Bu gənc xanımların sosial şəbəkələrdəki şəxsi səhifələrindən (@farahpiriyev və @rubinaasv) onların dəbdəbəli həyat tərzi haqda yetərincə məlumat əldə etmək olar. Onlar hamını milyonlarla dollar dəyərində olan brilyantları, çox bahalı əl çantaları, bohem həyat tərzləri ilə heyrətləndirməkdə davam edirlər.
Bəs bütün bu dəbdəbə hansı pullar hesabına əldə olunub? Ata, oğul və “müqəddəs ruh”, yəni Beynəlxalq Banka irəli sürülmüş rəsmi ittihamla tanış olandan sonra bunu bilmək çətin deyil.
Bu gənc xanımların nə işlə məşğul olması, hansı peşənin sahibi olması sirr olaraq qalır. Hər halda bu gənc xanımlar sosial şəbəkələrdə nə diplomlarını, nə elmi nailiyyətlərini, nə iş yerlərini və uğurlarını paylaşmırlar. Aydın məsələdir, paylaşmağa bir şey yoxdur.
Əvəzində onlar Piriyevlərin London yaxınlığındakı cıdırı və atları barədə səxavətlə məlumat paylaşırlar (“Baku Guards” çövkan klubu bu cıdırdadır). Öz şəxsi təyyarələri, saysız-hesabsız səyahətləri, top-dizaynerlərdən aldıqları bahalı geyimləri, eksklüziv brilyantları, Londonun ən bahalı məhəlləsi olan Redkliff Gardensdəki dəbdəbəli mülkləri... barədə ağızdolusu danışırlar. Yəni baxın, biz beləyik. Biz öz əsil-nəcabətimizə və sərvətimizə görə hətta məşhur ingilis aristokratlarından da bir baş üstünük!
Bəs necə?! Biz axı həm də gənc rəssamların və incəsənət adamlarının da xeyirxahı və hamisiyik...
Onlar buna sübut olaraq sosial şəbəkələrdə xeyli fotoşəkillər də yerləşdiriblər. Budur, onlar çövkan üzrə turnirdə VİP-lojada Monako şahzadəsi Şarlotto Kazeraqi ilə tanış olub şəkil çəkdirirlər... Budur, onlar əfsanəvi Kann festivalındadırlar...
Azərbaycan vergiödəyicilərinin və bank əmanətçilərinin pulları Beynəlxalq Bank tərəfindən görün haralara xərclənir! Baxın və düşünün...
Mənbə:> Virtualaz.org