Tağı Əhmədovun reklamları metroya qayıtdı
Bakı metropoliteni 15 aylıq fasilədən sonra yenidən öz qapılarını çap reklam məhsullarına açdı.
Müşahidələr göstərir ki, hələlik kommersiya reklamları platformalarla üzbəüz tunelin divarlarında standart ölçülü lövhələrdə yerləşdirilir.
Əvvəlki dövrlərdən fərqli olaraq indi metroda çap reklam materialının yerləşdirilməsi zamanı reklam şirkətlərinin xidmətindən istifadə olunmur. Bu işlə birbaşa “Bakı Metropoliteni” QSC-nin strukturu məşğul olur.
“Reklamlar birbaşa həmin struktur vasitəsilə götürülür. Bu zaman hər hansı reklam şirkətinin vasitəçiliyinə icazə verilmir” - metropolitendən “Azadlıq” radiosuna deyiblər.
Maraqlıdır ki, bu il iyulun 14-də imzalanmış “Reklam haqqında” qanunda məhz yeraltı nəqliyyat vasitələrində reklam fəaliyyəti tənzimlənmir. Qanunda yalnız ümumi şəkildə nəqliyat vasitələrində reklamdan bəhs edilir.
Eyni zamanda Tarif (Qiymət) Şurası yalnız küçə reklamlarının tariflərini tənzimləyir.
Metroda görüntülü və çap reklamları 2014-cü ilin aprelində - metropolitenin o zamankı rəisi Tağı Əhmədov vəzifədən uzaqlaşdırılandan bir ay sonra dayandırılmışdı. O zaman metropolitenin yeni sədri ictimaiyyətə, hətta reklamvericilərə heç nə izah etmədən kommersiya reklamlarının yayımını dayandırmışdı. İndi də Bakı metrosundan reklamların yenidən bərpa edilməsi zərurəti barədə məlumat vermirlər.
Mənbə:> Azadlıq Radiosu