“Toyları qoyub, heç yerə gedəsi deyiləm” - "Greencard" udan Elariz – VİDEO
"ARB Ulduz"un "Şou məkan” verilişinin qonağı olan müğənni Elariz Məmmədoğlu maraqlı açıqlamalar verib.
AzNews.info xəbər verir ki, Elariz "Greencard" qazanmasının yaman səs-küyə səbəb olmasından bəhs edib:
"Greencard" məsələsi qüvvədədir. Həyat yoldaşım həmin "Greencard"ı ötən ilin mayında qazanmışdı. Bir il ərzində proseslər davam edir. Mən Amerikaya köçəsi deyiləm. Sadəcə olaraq Amerikaya gedib gələcəm”.
Müğənninin danışıq formasından belə aydın olur ki, onun yerli şou-biznesdə olması, ən əsası toy bazarındakı çəkisi bəzi həmkarlarını yaman narahat edir:
"Toy baxımından çoxlarına rəqibəm. Fikirləşrilər ki, bu tezliklə Amerikaya getsəydi, aradan çıxardı. Onun payına düşən 20-24 toy ki var ay ərzində həmin toyları mənimsəyərdilər. Amma Bakının, Azərbaycanın toylarını qoyub, mən heç yerə gedəsi deyiləm. Bütün müğənnilər deyir ki, bəşəriyyətdə nə qədər toy var, hamısını mən oxuyum”.
O, toylar haqda həmkarlarına ismarış göndərib:
"Həmkarlarımın bəziləri arzulayarlar ki, Elariz çıxıb xaricə getsin, onlar da burdakı toyları bölsünlər. Ancaq gedəsi deyiləm. Toyları heç kimə etibar edə bilmərəm. Məclisləri gərək özüm oxuyum ki, gənclər xoşbəxt olsunlar”.
Müğənni bəzi həmkarlarının onun üzünə gülməsinə baxmayaraq, arxada paxıllığını çəkdiklərini illər sonra etiraf edib:
"Parni iz Baku” komandasının kapitanı Anar Məmmədxanov rəhmətə gedib deyə deyirəm. Bir dəfə mənə yaxınlaşıb dedi ki, Elariz, sənlə öpüşüb görüşən insanlar var ha, onların hamısı səni görəndə mehriban danışırlar, ancaq yaman paxıllığını çəkirlər. Anar söylədi ki, mən məclisə bir neçə müğənni dəvət edəndə dedim ki, Elarizə də xəbər edin. Bütün müğənnilər dedi ki, Elarizi çağırma, lazım deyil. Amma deyir həmin adamlar səni görəndə öpüb qucaqlayırlar. Mən heç vaxt heç kimin çörəyinə bais olmuram. Bəzən elə olur ki, məni toyu idarə etməyə çağırırlar. 10 nəfər müğənnini də dəvət edirlər ki, hərəsi yarım saat oxusun. Həmin 10 nəfərin hərəsi yarım saat oxuyanda 5 saat edir. Toy da elə 5 saatdır. Mənim oxumağıma vaxt qalmır. Ancaq mən demirəm ki, filankəsi çağırma. Çünki hər kəsin öz ruzisi var, pulu var, qoy, çağırsın”.
Son olaraq Elariz Röya Ayxanla aralarında yaranan anlaşılmazılığa da aydınlıq gətirməklə fikirlərini yekunlaşdırıb:
"Bir neçə müğənninin, o cümlədən də mənim əziz dostum Röyanın adını çəkdilər və yazdılar ki, Elariz filan müğənnilərin Türkiyədə tanınmadığını iddia edir. Əslində mən heç kimin adını çəkməmişdim. Röya xanım da bilir ki, mən elə söz demərəm, adını çəkmərəm. Röya da gülə-gülə həmin məsələyə cavab verdi. Bu, qeyri-peşəkar jurnalistlərin saytlarda reytinq qazanmaq xatirinə söylədiyi sözlər idi”.
Mənbə:> Azxeber.com