Nura Suri: ATV-nin rəhbərliyi müğənniləri şəxsi restoranında pulsuz oxudurdu – FOTO
“ATV-nin vitse -prezidenti Rauf Dadaşovun qardaşı Fuadın şəxsi restoranı var. ATV-dən müğənniləri həmin restorana pulsuz şou-proqrama göndərirdilər. Müğənnilər ATV kanalının efirinə iki halda çıxa bilir. Ya pul ödəməlisən, ya da pulsuz onların göndərdiyi tədbirlərdə çıxış etməlisən”.
AzNews.info xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycanın populyar estrada müğənnisi Nura Suri söyləyib. Onun sözlərinə görə, toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərinə müğənnilərin 90%-nə pul ödənilmir.
“Bölgələrdə dövlət tədbirləri olur və bizi o tədbirlərə getmək üçün heç avtobus belə ayırmırlar. Yola da, stilistlərə də öz cibimizdən xərcləyirik. ATV kanalında Tural adlı prodüser var. Bütün bu tədbirlərə müğənniləri Tural çağırırdı. Zəng edib deyir ki, Rauf müəllim istəyir ki, filan tədbirdə, filankəsin toyunda oxuyun. Tanımadığımız adamların toyuna gedib, pulsuz oxuyurduq. Mən 7 ildən çoxdur ki, vergi ödəyicisiyəm. Pul almadığım tədbirlərdən sabah vergi gəlib soruşacaq ki, bu tədbirlərdə oxumusan. Mən onlara necə sübut edim ki, biz tədbirlərdə pulsuz oxuyuruq. Mənim efirə çıxmamağımın bir səbəbi də budur”.
Müğənni Azərbaycanda yalnız Lider və Xəzər kanalında efirə çıxdığını sözlərinə əlavə edib. Nura Suri bu iki kanalda belə bir hallarla üzləşmədiyini söyləyib:
“Bu problemlər həmişə ATV kanalında yaşanıb. Bir çox müğənni ATV kanalında “qara siyahı”dadır. Müğənnilərə qarşı efirdə aqresiya yaradırlar. Harasa çağırıb, getməmisən. Əvəzində efirə çağırıb “vurmağa” başlayırlar. Efirdə artıq-artıq sözlər danışıb müğənnini gözdən salmağa çalışırlar. Ona görə 2 ildir ki, ATV kanalında efirə çıxmıram. Yalnız, 106 və 106.3 FM-də mahnılarım indiyə kimi səslənib. Radioda neqativ hallarla qarşılaşmamışam”.
Mənbə:> Baku.ws