Xoşqədəm: "Hər gün ağlayırdım"
Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuş "Söyləməzsəm olmaz" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı yeni doğulan əkizlərinin adını açıqlayıb. Atalıq hisslərindən danışan Doğuş həyəcanını gizlədə bilməyib:
"Əkizlərdən birinin adı Arda Aslan, digərininki Arın Arasdır. Mən uşaqları özümə oxşadıram, xanımım da özünə bənzədiyini iddia edir. Onlar haqqında danışarkən belə əllərim tərləyir".
X.Hidayətqızı əkizləri ilə ilk dəfə kamera qarşısına keçib. O, övladlarından birinin dünyaya gələrkən səhhətində problem olduğunu deyib:
"Bir qadın olaraq 4 kişi ilə yaşamaq çətindir. Tək bir qadın, ətrafda ancaq kişilər (gülür). Ona görə də arzulayırdım ki, əkizlərdən biri qız olsun. Amma Allah oğlan qismət etdi. Mən şanslı anayam, evdə məni 4 kişi qoruyacaq. Həm də Azərbaycan və Türkiyə üçün əsgər böyüdürəm.
Arın doğulanda bir neçə gün küvəzdə qaldı. Hər gün gedib baxırdım, ağlayırdım. Bir ana üçün övladının həyatda qalma mübarizəsi aparmasını görmək çox çətindir. Övladlarım doğulandan hər gün ağlamışam. Son üç-dörd gündür ağlamıram, Arın yanımdadır. Arın küvəzdə olanda bütün günü dua edirdim ki, Allah bütün övlad istəyəni arzusuna çatdırsın.
21 ildir çalışıram, bir gün də evdə oturmamışam. İndi hər gün evdəyəm, uşaqlara baxıram. Amma çox şirindilər, onları sevirəm, vaxtın necə keçdiyini hiss etmirəm".
X.Hidayətqızı arıqlamasından da söz açıb:
"Həmişə 58 kiloqram olmuşam. Hamiləlik ərəfəsində 24 kiloqram kökəldim, depressiyaya düşdüm. Doğuşdan sonra 17 kiloqram atdım. Pəhriz davam edir".
Aparıcı Doğuşun ona uşaqlara baxmaqda kömək edib-etməməsi ilə bağlı sualları cavablandırıb:
"Əvvəl düşünürdüm ki, necə yuxusuz qalacam? İndi heç fikir vermirəm, bəzən gecə səhərə kimi yatmıram. Doğuş rahatlığına heyran biridir. İndi uşaqlar ağlayanda gecə məndən əvvəl Doğuş oyanır. Ona bez dəyişdirməyə icazə vermirəm, bu qadının işidir. Doğuş onlarla oynayıb, yeməyini yedizdirə bilər. Köməkçim var, hər işdə yanımdadır".
X.Hidayətqızı hərdən əkizləri ayıra bilmədiyini etiraf edib:
"Hərdən əkizləri qarışdırıram. Hətta bir dəfə dərman verirdim, birinə içizdirdim, o birinə verə bilmədim. Hansının Arda, hansının Arın olmasını çətin seçirəm. Köməkçim seçməyə kömək edir. Arda köməkçini çox istəyir, Arın da məni. Onları elə ayırırıq".
X.Hidayətqızı yenidən ana olmaq istədiyini deyib:
"Mən də, Doğuş da qız övladı istəyirik. Ona görə də yenidən ana olmaq istəyirəm. Evimizdə bir də qız övladı olsun".
Mənbə:> Axşam.az