“Ərim məni toy kasetində bəyənib...” – AYSEL NAZİM
Teleaparıcı və aktrisa Aysel Nazimin “Qafqazinfo”ya müsahibəsi:
- Tamaşaçı sizi “ATV”də idman xəbərlərinin aparıcısı kimi tanıyıb. Bir müddətdir ki, televiziyadan uzaqsız. Efirə yenidən aparıcı kimi qayıdacaqsız ?
- Moda ilə bağlı bir neçə layihəm var, təkliflər çoxdur. Amma özümə yaraşan veriliş ilə efirə qayıtmaq istəyirəm. Aylardır ki, moda ilə bağlı proqramlar izləyirəm, jurnallar oxuyuram ki, işimi daha yaxşı çatdırım. Mənim layihəm digərlərinə bənzəməyəcək, fərqli olacaq.
- İdman xəbərlərindən moda verilişinə keçid edirsiz. Xəbərlər daha ciddi, moda əyləncəli verilişdir. Bu keçid çətinlik yaratmayacaq?
- İdmanla məşğul olmuşam, moda ilə maraqlanıram. Hər ikisi maraq dairəmdədir. 3 bölümdən ibarət “Ədəbaz” adlı moda ilə bağlı video-çarxları çəkdik, “Youtube” kanalında yayımlandı. Maraqlı alınmışdı, xanımlara doğru geyinməklə bağlı ipucu verirdik. Düşünürəm ki, bu işi də uğurla yerinə yetirəcəm.
- Moda demişkən Azərbaycan xanımlarının geyimlərində nələri bəyənmirsiniz?
- Bəzi qızlar var ki, boyları balacadır və geyindikləri şalvarı boylarına görə seçirlər. Çəkilərinə uyğun geyinmirlər, o zaman ayaqları kolbasa kimi görünür. Moda insana yaraşandır. Xanımlara məsləhət görərdim ki, kilolarını qorusunlar, hər yerə maşınla getməsinlər. Ayaqla gəzməyə üstünlük versinlər, axşamlar ağır yeməklər yeməsinlər.
- Tez-tez aparıcılar nitq qüsurlarına və açıq-saçıq geyimlərinə görə tənqid olunur. Bu haqda nə düşünürsüz?
- Hər verilişin öz geyimi var. Mən “ATV”yə yenilik gətirdim. Xəbərlər verilişində aparıcılar standart geyinirdi, saat, aksessuar taxılmırdı. Məndən sonra digər aparıcılar da aksesuar taxmağa başladılar. Aparıcı gərək efirə çıxanda insanların zövqünü oxşasın, aşırı açıq-saçıqlığa üstünlük verməsin.
Nitq qüsurlarına gəldikdə isə, həmkarımın tənqid olunmaları normaldır. Çünki çoxları ləhcə ilə danışır, loru, vulqar sözlər istifadə edir. Bunu isə yeni stil olaraq təqdim edirlər. Aparıcı ədəbi dildə danışmalıdır, danışığı ilə tamaşaçını, dinləyicini yormamalıdır.
- “ATV”dən ayrılma səbəbiniz nədir?
- Böyük bir səbəb yoxdur. Artıq idman sahəsində olmaq istəmirdim. Kanalla aramızda heçç bir problem yaşanmayıb. Mən idman jurnalisti deyiləm. “ATV”dən idman xəbərlərini aparmaq təklif olundu özümü aparıcı kimi sınadım. Amma sona qədər idmanda qalmağı düşünmürdüm. Ona görə kanaldan ayrıldım. Yeni layihəm ilə yeni kanalda efirə qayıdacam.
- Təqdim etdiyiniz hər idman növü haqda məlumatınız vardı, yoxsa sadəcə xəbərləri əzbərləyib oxuyurdunuz?
- Futbolu daim izləmişəm, amma geniş məlumatım yox idi. Sağ olsun ki, həmkarlarım İlkin, Sənan mənə öyrədirdi, məlumatlandırırdı. İdman proqramlarını izləyirdim, idmanla bağlı biliklərimi genişləndirirdim, oyunları canlı izləyirdim, mətbuat konfranslarına qatılırdım. Kukla kimi efirə çıxıb kağızdan oxumurdum. Məsuliyyətli insanam, gördüyüm işi yüksək keyfiyyətdə insanlara çatdırmağa çalışıram.
- Azərbaycanda qadın idman şərhçisi yoxdur. Nə zamansa, özünüzü şərhçi kimi sınamaq fikriniz yoxdur?
- Xarici ölkələrdə gözəl, cazibədar xanım idman şərhçiləri çoxdur. Artıq trend olub, gözəl xanımlar idman şərhçisi olur. Amma heç vaxt şərhçi olmağı düşünməmişəm. Maraqlıə təklif olsa, dəyərləndirərəm.
- Özünüzü aktrisa kimi sınamağa başlamısız. Yeni serial çəkilişləri necə gedir?
- İki serial, bir filmdə çəkilirəm. Bunlardan biri "Bacanaqlar"dır, təklif Elməddindən gəldi. Serialda baş rollardan birini, Talehin, yəni Elməddinin ikinci həyat yoldaşı rolunu oynayacağam.
Digər serial “Sənin deyil”dir, ailə-məişət məsələlərindən bəhs edir. Orada Nərgiz obrazıdır. Nərgiz uşaq həsrəti ilə yanıb tutuşan, lakin hər dəfə uşağı tələf olan qadındır. Sonuncu dəfə uşağı doğularkən ölür, əri o qədər sevirki, qadını başqa uşağı pulla alıb öz övladı kimi təqdim edir. Sentyabrda yayımlanacaq. Rol aldığım filmdə isə mənfi qadın obrazını canlandırıam, payızda yayımlanacaq. Mənfi obrazı oynamaq arzum olub. Bu obraz üçün imicimi dəyişmək istəyirəm.
- Həmkarlarınızın hansı xüsusiyyətini bəyənmirsiniz?
- Bəzi həmkarlarlarımın səmimiyyətsizliyini sevmirəm. Bəziləri izləyicilərinə yuxarıdan aşağı baxır. Saxta insanları sevmirəm. Təəssüf ki, belə insanlar ətrafımızda çoxdur.
- Teleaparıcıların çoxu çalışır ki, verilişlərində saçyoldu olsun, söyüş söyülsün və reytinq qazansınlar. Bu addıma necə baxırsınız?
- Bu kimi hallara münasibətim çox pisdir. Efir mədəniyyəti olmayan aparıcılar təəssüf ki, var. Efir bazar olmamalıdır. Efirdə məlumatlandırıcı verilişlərtəqdim edilməlidir, insanların zövqünü oxşamaq lazımdır. Mən ana olaraq uşağımın məlumat alacağı verilişlərlə qarşılaşmasını, onları izləməsini istəyirəm.
- Azərbaycanda əcnəbi vətəndaşla ailə quran xanımlar hələ də bir mənalı qarşılanmır. Siz də Türkiyə vətəndaşı ilə ailə qurmusuz.
- Mənə tez-tez deyirlər ki, Azərbaycanda oğlan tapmadın, Türkiyə vətəndaşı ilə ailə qurdun? İnsanların milliyyəti önəmli deyil. Əsas anlayış və sevgidir. Elə insanlar var ki, uşaqlıqdan birlikdə böyüyürlər, ya iki dost olurlar, amma ailə qurduqdan sonra yola getmirlər. Əsas odur ki, eyni düşünəsən, eyni nöqtəyə baxasan. Fikir ayrılığı konfliktə, ayrılığa gətirib çıxardır.
- Tanışlığınız necə olub?
- Həyat yoldaşımla qədimi üsulla tanış olmuşuq, məni rəfiqəmin toy kasetində görüb. Neçə qız göstəriblər bəyənməyib. Yoldaşımın xalası oğlu ilə rəfiqəm ailə qurub. Toy kasetinə baxanda deyib bu qızla evlənərəm. Mənim nömrəmi tapdı, əlaqə saxladı, tanış olub ailə qurduq.
- Həyat yoldaşınız sizə qadağalar qoyurmu?
- Həyat yoldaşımın qadağa qoymaq, qısqanmaq kimi xüsusiyyəti yoxdur. Fransada yaşayıb, modern insandır. Qayınanam başıbağlıdır, hacı ailəsidir. Buna baxmayaraq həyat yoldaşım mənim işlərimə qarışmır. Hər hərəkətimin, geyimimin yerini bilirəm. Bu günə kimə nə atama, nə həyat yoldaşıma artıq söz dedirtməmişəm.
- 21 yaşında ailə qurmusuz. Tez ərə getdiyiniz üçün peşman olmamısız?
- İndi mənim 29, oğlumun 6 yaşı var. Ailə qurub karyera arxası ilə getdim. Belə yaxşıdır. Bir müddət sonra baxacam ki, oğlum özüm boydadır. Qızlar karyera dalınca gedir, sonra görürlər ki, ailə qurmaq, uşaq dünyaya gətirmək yaşları keçib. Mənim variantım daha yaxşıdır. Həm oxudum, həm işlədim 10 illik pedaqoji fəaliyyətim var. Birinci kursda oxuyandan dərs deyirəm.
- Bir az da oğlunuz Candan danışaq.
- Can çox istedadlı uşaqdır, şəkillər çəkir, güzgüyə baxıb veriliş aparır, şahmat oynayır, musiqiyə marağı var. Mən də müəllim tutaraq onu yönləndirirəm.
Mənbə:> Qafqazinfo.az - Könül