“Sinyor Robinzon” dünyasını dəyişdi
İtaliyanın komediya aktyoru Paolo Villaco bazar ertəsi Romanın “Cemelli” xəstəxanasında dünyasını dəyişib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, 84 yaşlı aktyor xəstəxanaya iki gün öncə yerləşdirilmişdi.
Villaconu dünyaya tanıdan ilk rolu Uqo Fantozzi obrazı olub. Fantozzi ümumiləşdirilmiş İtaliya vətəndaşı, avam və uğursuz mühasib obrazıdır.
Bu personaj İtaliyanın mədəni fenomeninə çevrilmişdi. Villaco satiranın, ifşaedici istehzanın köməyilə cəmiyyəti öz problemləri barədə düşünməyə vadar etmişdi.
Tamaşaçılar onu, həmçinin Sercio Korbuççinin “Sinyor Robinzon” filmindəki rolu ilə tanıyırlar. Film 1976-cı ildə ekrana çıxmış və qısa müddətdə tamaşaçılar tərəfindən sevilmişdi.
Villaco Federiko Fellininin “Ayın səsi”, Lina Ventmüllerin “Çao, professor”, Ermano Olmanın “Qoca meşənin sirri” və s. filmlərdə çəkilmiş, tez-tez teatr səhnəsinə çıxmışdı.
Mənbə:> Oxu.Az