Tarzən Ramiz Quliyev “Dostluq” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureatı tarzən Ramiz Quliyev Alman-Azərbaycan Cəmiyyətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilib.
Ramiz Quliyevlə bərabər, bu ordenə tanınmış alman dirijoru, “Qut-İmmlinq” opera festivalının bədii rəhbəri, Azərbaycanın yaxın dostu Korneliya fon Kersenbrok da layiq görülüb.
Təqdimat mərasimində ordeni tarzən Ramiz Quliyevə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib. Təqdimat mərasimindən sonra professor Ramiz Quliyev və tanınmış ifaçıların iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Konsertin sonunda Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev mükafat sahiblərini təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.
Alman-Azərbaycan Cəmiyyətinin yüksək mükafatı olan “Dostluq” ordeni Azərbaycan ilə Almaniya arasında mədəni əlaqələrinin inkişafında xüsusi xidmətləri olan görkəmli elm və incəsənət xadimlərinə təqdim olunur.
Mənbə:> ANSPRESS