İspan rəqqasə Bakıda unudulmaz anlar yaşatdı
Heydər Əliyev Mərkəzində İspaniyanın “Flamenko” qrupu məşhur “Karmen” əsərini yeni quruluşda - caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edib.
ANS PRESS-in mərkəzdən aldığı məlumata görə, bəstəkar Jorj Bizenin “Karmen” operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb.
İki saatadək davam etmiş flamenko gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunub. Şux musiqi, coşqun rəqs və mükəmməl ifanı özündə birləşdirən şou tamaşaçılara unudulmaz anlar yaşadıb. Musiqiçilərin hər performansı alqışlarla qarşılanıb.
Şouda Karmen obrazını Malaqa şəhərindən olan rəqqasə və xoreoqraf Ursula Moreno yaradıb. Nadir ifa texnikası, təkrarolunmaz plastikası və yüksək aktyorluq qabiliyyətinə görə onu “müasir flamenkonun ümidi” adlandırırlar. Malaqada Musiqi və Rəqs Kral Akademiyasını bitirmiş, flamenko ustadlarından dərs almış rəqqasə karyerası ərzində bir sıra uğurlara imza atıb. O, 2010-cu ildə Ronda Milli Flamenko Müsabiqəsində ikinci yerə, 2011-ci ildə isə həmin yarışmada “Ən yaxşı Kanya rəqqasəsi” mükafatına layiq görülüb. Malaqada Flamenko Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəri olan Ursula Moreno hazırda pedaqoji fəaliyyətlə məşğuldur, eyni zamanda, Antonio Andradenin truppasında solo karyerasını davam etdirir.
Qrupun rəhbəri Antonio Andrade Sevilya yaxınlığında yerləşən və flamenko ənənələri güclü olan Pueble-de-Kasalya kəndində doğulub. O, kiçik yaşlarından gitarada ifa etməyə başlayıb. Karyerası boyu tanınmış flamenko ustaları ilə birgə çalışan Antonio Andrade Avropa ölkələri, ABŞ və Yaponiyada verdiyi konsertlərlə tamaşaçıların rəğbətini qazanıb.
Müasir “Karmen” şousunun debütü 1998-ci ildə Berlində “Alman Opera Evi”ndə olub.
Mənbə:> ANSPRESS