“Oskar” mükafatına namizədlərin adı açıqlanıb
Los-Ancelesdə ABŞ Kino Akademiyasının “Oskar” mükafatına namizədlər elan olunub.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, builki namizədlər arasında “La-La Lend” filmi özünəməxsus rekorda imza atıb. Bu filmin 14 nominasiyada adı hallanıb.
Ən yaxşı film nominasiyasında isə “Gəliş”, “Hasarlar”, “Döyüş vadisi”, “Hər vəchlə”, “Gizli fiqurlar”, “La La Lend”, “Aslan”, “Dəniz kənarında Mançester” və “Ay işığı” filmlərindən biri qalib elan olunacaq.
“Ən yaxşı kişi aktyor” nominasiyasında Keysi Afflek (“Dəniz kənarında Mançester”), Denzel Vaşinqton (“Hasarlar”), Rayan Qoslinq (“La La Lend”), Viqqo Mortensen (“Kapitan Fantastik”) və Endryu Qarfild (“Döyüş vadisi”) mübarizə aparacaq.
“Ən yaxşı aktrisa” nominasiyasında İzabel Yupper (“Elle”), Emma Stoun (“La-La Lend”), Rut Negga (“Sevmək”), Meril Strip (“Florens Foster Cenkins”) və Natali Portman (“Ceki”) irəli sürülüb.
Ən yaxşı rejissor adı uğrunda Deni Vilnöv (“Gəliş”), Mel Gibson (“Döyüş vadisi”), Demyen Şazell (“La La Lend”), Kennet Lonerqan (“Dəniz kənarında Mançester”) və Barri Cenkins (“Ay işığı”) mübarizə aparacaq.
Bu il “Oskar” mükafatları fevralın 26-da təqdim olunacaq.
Mənbə:> Trend