Gürcüstandan Azərbaycana qeyri-adi bağlama
İsa həbs olundu.
Gürcüstan respublikasının polis əməkdaşları tərəfindən Marneuli şəhərində (Kvemo Kartli regionu) 1967-ci il təvəllüdlü İsa H. Azərbaycana iri həcmdə narkotik vasitə göndərməyə cəhd etdiyi üçün həbs edilib.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-nin mətbuat xidməti bildirib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları İsa H.-nı Azərbaycan respublikasına bağlama göndərməyə cəhd edərkən saxlayıblar.
Polis əməkdaşları saxlanılan şəxsin üzərini axtararkən 57,191 qram narkotik vasitə aşkar ediblər. Tərkibində 19,6549 qram heroin olan bu narkotik vasitə qida məhsulunun içində gizlədilib”, - məlumatda deyilir.
Narkoloji ekspertizanın məlumatına əsasən İsa H.-nın həbsi zamanı o, narkotik vasitənin təsiri altında olub. Daha öncə o, xuliqanlığa görə məsuliyyətə cəlb edilib.
İstintaq tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3 bəndinə əsasən (iri həcmdə narkotik vasitələrin hazırlanması, saxlanılması, satışı, daşınması) iş aparılır, bu maddəyə görə səkkiz ildən iyirmi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Mənbə:> Oxu.Az