21 kilo narkotikin əsl sahibi kimdir...
Bunu virtualaz.org saytına açıqlamasında vəkil Ceyhun Yusifov deyib.
Vəkilin sözlərinə görə, istintaqın işi cinayətkar dəstəni tam ifşa etmək olsa da əksinə, onları məsuliyyətdən kənarda saxlayıblar: “Müdafiə etdiyim Tahir Şükürov barədə Cinayət Məcəlləsinin 206.3.2, 29.234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb. İstintaq qərəzli aparılıb, ona təzyiqlər göstərilib. İstintaqın işi cinayətkar dəstəni tam ifşa etmək olsa da həmin cinayətkar dəstənin onlarla üzvü təkzibedilməz sübutlar olmasına rəğmən Dövlət Sərhəd Xidmətinin müstəntiqi Tural Əhmədov tərəfindən məsuliyyətə cəlb edilməyib. Müstəntiqlər Tural Əhmədov və Orxan Zeynalov onları ifşa etmək əvəzinə məsuliyyətdən kənarda saxlayıblar. Cinayətdə heç bir iştirakı olmayan Tahir Şükürovu isə ağır maddələrlə məsuliyyətə cəlb ediblər. Həmin cinayətkar dəstənin üzvləri tərəfindən onun əleyhinə ifadələr toplayıblar və bununla da öz işlərini bitmiş hesab ediblər.
Cinayət işində adı keçən bir çox şəxslərlə bağlı istintaq orqanı tərəfindən müxtəlif məlumatlar əldə edilərək iş materiallarına əlavə olunsa da həmin məlumatların bir çoxuna qiymət verilməyib. Əgər həmin sübutlara istintaq tərəfindən obyektiv qiymət verilsəydi, Tahir Şükürovun təqsirsizliyi sübut olunar, əsl təqsirkar şəxslər müəyyən edilərdi”.
Vəkil C.Yusifovun dediklərindən belə məlum olub ki, müdafiə etdiyi şəxs bir neçə il bundan öncə yaşadığı Beyləqan rayonunun I Şahsevən kəndində Babək adlı bir İran vətəndaşı ilə toyda tanış olub. T.Şükürov söhbət əsnasında şəkər xəstəliyindən və təzyiqdən əziyyət çəkdiyini, səhhətində yaranmış problemlərlə bağlı İrana müalicəyə getmək istədiyini deyib.
Babək də ona deyib ki, sənədlərini düzəlt gəl, səni qarşılayıb kömək edərəm.
Vəkilin sözlərinə görə, 2014-cü ilin fevral ayında İlqar və Nəsimi adlı şəxslər T.Şükürovun yaşadığı evə gələrək Babəkin tanışı olduqlarını bildiriblər. Onlardan biri telefonla kiməsə zəng vurub və dəstəyi Tahirə uzadıb. Telefonda danışan şəxs ona Babək olduğunu deyib: “Səhhətinin necə olması ilə maraqlanıb. Tahir də ona dava-dərmanın heç bir xeyrinin olmadığını deyib. Babək isə ona İrana gəlməyin vacib olduğunu bildirib. Tahir yaxın günlərdə sənədlərini düzəldəcəyini deyib. Ev sahibi həmin şəxsləri içəri dəvət etsə də onlar həyətdən evə keçməyiblər. Tahirin telefon nömrəsini yazıb götürəndən sonra onunla sağollaşıb gediblər”.
Təqsirləndirilən T.Şükürovun ifadəsinə görə, yuxarıda adları çəkilən şəxslər təxminən iki gündən sonra yenidən onun evinə gəliblər: “Nəsimi dedi ki, sənin nömrəni Babəkə vermişik. Sonra da əlavə etdi ki, bacısı oğlu böyrək çatışmazlığı ilə əlaqədar İrana müalicəyə gedib, ləngiyib, icazə müddəti keçib. Babəkin adından xahiş etdilər ki, bir neçə günə sərhədi keçməklə Şahsevənə gələn bacıoğlunun qarşılanmasına kömək edim.
Sadəlöhvlüyümdən razılıq verdim. İranlı da onlara dedi ki, gecə saat 23-də qohumunuzu yola salacam, kəndin qəbiristanlığında onu qarşılasın. Bir neçə dəqiqədən sonra Nəsimiyə zəng gəldi ki, adam sərhədi keçib, Babək dediyi yerdədir, amma ayağı sındığına görə gələ bilmir, dayandığı ərazi qəbiristanlığın yanıdır”.
Vəkilin sözlərinə görə, İrandan gələn şəxsin fərqli xəstəlik qeyd etməsi T.Şükürovu şübhələndirib və özlüyündə onlara kömək etməmək qərarına gəlib. Ona görə də məqsədli şəkildə Nəsimini sərhəddi keçən şəxsin dediyi yerə yox, başqa istiqamətə aparıb. Həmin şəxsi tapmadan geri qayıdıblar.
Səhərisi gün Sərhəd Xidmətinin əməkdaşları T.Şükürovun evinə baxış keçiriblər, heç nə tapmayıblar. Onu oğlu ilə birlikdə zastavaya aparıb sorğu-sual etməyə başlayıblar. Bildiriblər ki, sərhəddə Eyvaz adlı şəxs tutulub, onun üzərindən külli miqdarda - 20 kilodan artıq narkotik vasitə tapılıb. Bu narkotikin İrandan qanunsuz keçirilməsi aşkar edilib.
T.Şükürov ahıl və xəstə vaxtında heç vaxt bu cür işlərlə məşğul ola bilməyəcəyini, bu işdə heç bir iştirakının olmadığını, bu cinayətin Nəsimi və İlqar adlı şəxslər tərəfindən həyata keçirildiyini, Eyvaz adlı şəxsi isə ümumiyyətlə tanımadığını deyib. Bu şəxslərin niyyətini başa düşdüyündən gələn şəxsi qarşılamadığını və onlara heç bir kömək göstərmədiyini bildirib.
Lakin ona düzgün danışmadığını və gələn şəxslə əlbir olduğunu bildirərək hədə-qorxu gəliblər, döyməklə, həyat yoldaşını da, gəlinini də tutacaqları ilə hədələyiblər.
Vəkilin sözlərinə görə, cinayətkar dəstə üzvləri arasında telefon danışıqları olub, amma bunların heç biri istintaq tərəfindən araşdırılmayıb: “İlqar İsmayılov, Nəsimi Əsgərov, Ziya Ağayev, Əli Aslanov Dövlət Sərhəd Xidmətinin müstəntiqi Tural Əhmədov tərəfindən gizlədilib. Ziya Ağayev istintaq tərəfindən cinayət məsuliyyətindən gizlədilsə də sonradan törətdiyi silsilə cinayətlərə görə həbs olunub. Əli Aslanovun özünün külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsində xüsusi xidmətləri olub. 21 kq narkotik vasitənin İrandan Azərbaycana keçirilməsini təşkil edən mütəşəkkil dəstənin rəhbərlərindən biri olan Nəsimi Əsgərov cinayət məsuliyyətindən kənarda saxlanılır, yalnız şahid qismində məhkəmə prosesinə cəlb edilir. Mütəşəkkil dəstənin rəhbəri olan İlqar İsmayılov isə müdafiə tərəfinin təkidi ilə cinayət məsuliyyətinə cəlb olunub”.
Sözügedən cinayət işi üzrə məhkəmə prosesi Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilir. Prosesə hakim Mehdixan Abdullayev sədrlik edir. Sonuncu prosesdə dövlət ittihamçısı Tahir Şükürovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Məhkəmənin bu işə ədalətlə baxılacağı gözlənilsə də həmin gözləntilər özünü doğrultmadı. İstintaq tərəfindən göz yumulmuş, gizlədilmiş və təhrif olunmuş faktların araşdırılması ilə bağlı verdiyimiz vəsatətlərin təmin olunmaması istintaq orqanı tərəfindən yol verilmiş qanunsuz hərəkətlərin məhkəmə tərəfindən ört-basdır edilməsi faktını bir daha açıq-aşkar ortaya qoydu” - deyə vəkil C.Yusifov bildirdi.
Vəkil baş prokurora və ölkə başçısına müraciət etdiklərini də sözlərinə əlavə etdi.
Mənbə:> Virtualaz.org