Polislərin üstünə maşın sürmüş erməni 5 illik həbs oluna bilər – VİDEO
Mayın 1-də Rusiyanın Vladivostok şəhərində bayram yürüşü zamanı polislərin üzərinə maşın sürməyə cəhd etmiş Primorsk parlamentinin deputatı Artuş Xaçatryana qarşı hakimiyyət nümayəndələrinə zor tətbiq etmə maddəsi üzrə cinayət işi açılıb.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, işə xüsusi işlər üzrə müstəntiq baxır. Deputat günahkar bilinsə, onu 5 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, mayın 1-də deputat Artuş Xaçatryan öz yolsuzluq avtomobilində polis mühasirəsini yarmağa və nümayişçilərin bayram yürüşünün keçdiyi yola çıxmağa cəhd edib. Deputat onun qarşısını kəsən polis nəfərlərinə söyüş söyüb. Xaçatryan həmçinin inspektorun ayağının üstünə sürüb və o, xəsarət alıb.
İstintaq komitəsinin regional idarəsinin nümayəndəsi Avrora Rimskaya bildirib ki, deputatın saxlanılması məsələsi hələ qadırılmayıb, belə ki, o xəstəxanadadır. İnsidentdən sonra məlum olub ki, Xaçatryan ağır xəstədir. Onun hansı müddətə müalicə alacağı məlum deyil. Deputatın insidentlə bağlı təəssüfləndiyi bildirilir.
Artuş Xaçatryan 2011-ci ildə deputat olub. O, “Vahid Rusiya” fraksiyasına daxildir. Parlamentin sosial siyasət və vətəndaş hüquqlarının müdafiəsi komitəsinin üzvüdür.
Mənbə:> Oxu.Az