"Torqovı"dan insan sümükləri tapıldı – VİDEO
Bəzi qurumlar vaxtlı-vaxtında təmir işləri apararaq işlərini möhkəm tutmağa üstünlük verir. Paytaxtın mərkəzində aparılan növbəti belə təmir işləri zamani fəhlələr bir müddətlik əl saxlamalı olublar. Səbəb isə aşkar edilən tapıntı olub.
ANS TV-nin məlumatına görə, Bakının Səbail rayonu Nizami küçəsində (Torqovıy) su xətinin təmir işləri zamanı qəribə bir tapıntıya rast gəlinib. Belə ki, işlərin qızğın çağında tapılan bir neçə sümük fəhlələri şoka salıb. Həmin sümüklərin isə insana məxsus olduğu ehtimal edilir. Sakinlər bildirir ki, bu tapıntını ilk olaraq onlar müşahidə edib.
“Bura yaxın bir ərazidə yaşayırıq, suyumuz isə gəlmirdi. Suyun gəlməməsilə maraqlandıq ki, niyə gəlmir? Gələndə gördük ki, ərazidə qazıntı işləri aparılır. Qazıntı gedən yerə baxanda orada insan sümüklərini gördüm. Ərazidə təmir işlərini həyata keçirənlərdən bu barədə nə üçün aidiyyatı qurumlara məlumat vermədiklərini soruşdum”, – deyə sakin Arif Mustafayev bildirib.
Təmir aparanlar isə bu sümüklərin insana məxsus olduğunu ehtimal etmirdi. Buna görə də əraziyə ilk olaraq polis əməkdaşları gəldi.
Daha sonra sümüklərin hansı canlıya məxsus oduğunu müəyyən etmək üçün ərazidə ekspertlər iş aparmağa başladı.
Hazırda təmir aparılan hissədə insan sümüklərinə bənzər hissələr tapılıb. Həmin sümüklər əraziyə çağrılmış ekspertlər qrupu tərəfində yığılaraq labaroatoriya aparılıb.
Səbail Rayon Prokurorluğundan bildirildi ki, hələlik sümüklərin bir neçə insana məxsu olması ehtimal edilir.
Bunu dəqiqləşdirmək üçün hazırda araşdırma işləri aparılır.
Mənbə:> ANSPRESS