Qubada 300 ağac tingi oğurlanıb
Quba rayon sakini Ağalar Yarəliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsindən meyvə tinglərinin oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, oradan ümumi sayı 300-yə yaxın gilas, heyva, badam və şaftalı tinglərinin oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Barlı kənd sakini, 33 yaşlı Xəyyam Mirişov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi hadisəni etiraf edərək, tingləri bağ sahəsində əkib becərmək üçün oğurladığını bildirib. Oğurlanan tinglər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülərək təcrübə bazasına təhvil verilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə:> Virtualaz.org