Məşhur narkobaron: “Çantamdakı “Tramadol” idi”
Paytaxtın “Kubinka” ərazisində məşhur narkobaron “Damdayatan Nizam”ın qızı kimi tanınan, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Şəms Səmədovanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində dindirilən Sənubər Əliyeva ifadəsində göstərib ki, bu il mayın 17-də polis əməkdaşları onu hal şahidi kimi dəvət edərək Şəms Səmədovanın üzərinə baxış keçiriblər. Baxış zamanı S.Səmədovanın çantasından dərmanlar, pul və bükülülər çıxıb: “Polis əməkdaşları dedilər ki, bir xanımın üzərinə baxış keçiriləcək, hal şahidi kimi dəvət etdilər, mən də razılaşdım. Çantasına baxanda pul, dərman və bükümlər çıxdı. Xanım dedi ki, dərmanlar onundur, amma bükümlərdən xəbərsizdir”.
Ş.Səmədova hal şahidinin deyilənləri təkrarladığını məhkəmənin diqqətinə çatdırıb. O, çantasındakı dərmanın “Tramadol” olduğunu deyib:”Bu qadını hal şahidi kimi gətirəndə gecə saat 1 olardı. Özü də deyəsən toydan çıxıb gəlmişdi. Qara, uzun paltar geyinmişdi. Bizim evdə yenidən axtarış apardılar, heç nə çıxmadı. Çantamdakı dərman isə “Tramadol” idi. Yoldşaım içirdi, aptekdən almışdım. Məni günahsız yerə tutublar”.
Digər şahid Mirzə Səfərov da sözügedən cinayət işində hal şahidi kimi iştirak etdiyini deyib. Bildirib ki Nizami adlı şəxs saxlanılanlar polis əməkdaşları onu polis bölməsinə dəvət ediblər: "Orda Nizamini soruşdular ki, dərmanı kimdən almısan? O da dedi ki, Səmsdən. Başqa nəsə bilmirəm".
Qeyd edək ki, narkotik vasitələrin istifadəçisi olan Nizami Mürsəlov saxlanılarkən Şəms Səmədovadan mütəmadi olaraq “şüşə” adı ilə bildiyi maddə aldığını etiraf edib. Saxlanılan gün N.Mürsəlov növbəti dəfə “şüşə” almağa gedib: “Qapının ağzından 10 manata bir büküm “şüşə” alıb yaşadıdığım evə gedərkən iki nəfər yaxınlaşıb polis əməkdaşı olduqlarını dedilər və məni polis bölməsinə apardılar. Narkotiki Şəmsdən aldığımı etiraf etdim”.
İstintaqın gedişatı zamanı o da məlum olub ki, narkotikdən asıllığı olan şəxslər nağd pulları olmadıqda əvəzində öz mobil telefonlarını Şəmsin yanında girov qoyurlarmış. Yalnız “malın pulu” çatdırıldıqüdan sonra girov geri qaytarılırmış.
Məhkəmə prosesi noyabrın 28-də davam edəcək.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları bu il mayın 18-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə 30 ildən artıqdır yaşayan ailənin narkotik kartelinə əl qoyublar.
Üç uşaq anası olan Şəms Səmədova əməliyyat zamanı həbs edilib. O, əvvəllər də eyni ittihama görə məhkumluq həyatı yaşayıb. S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da eyni ittihamla həbs olunub. Onun barəsindəki cinayət işi ayrıca icraata verilib.
Bacılar marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. “Kubinka”nın hər bir sakini bacıların nə işlə məşğul olduğunu bilib. Lakin bu bacı qruplaşmasını zərərsizləşdirmək elə də asan olmayıb.
Məlumat üçün qeyd edək ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.
Mənbə:> Virtualaz.org