Bakıda manyak-pedofilin məhkəməsi qapalı keçirilir
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızları binaların bloklarında haqlayıb, onlara qarşı “seksual xarakterli hərəkətlər” etməkdə, habelə qadınları soymaqda ittiham olunan 31 yaşlı Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. A.Paşayev ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib.
Məhkəmə heyəti prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib. Zalda əyləşən proses iştirakçıları ordan çıxarılıb. Qapalı keçirilən məhkəmə prosesində azyaşlı zərərçəkmişlər ifadə veriblər.
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, A.Paşayev bu ilin avqustunda Xətai rayon Polis İdarəsini 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi də müəyyənləşib.
A.Paşayev yaxalandıqdan sonra ona Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etmə və quldurluq maddələri ilə cinayət işi qaldırılıb.
Mənbə:> Virtualaz.org