Orxan Camalın öldürülməsinin yeni təfərrüatı
Mərkəzi Afrika Respublikasında öldürülən jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko avtomobili ələ keçirməyə çalışan əmmaməli şəxslərə müqavimət göstərib.
Oxu.Az xəbər verir ki, bununla bağlı MAR-ın Kommunikasiya və Media Nazirliyinin “Facebook” hesabında yayımlanan məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, araşdırmalar yerli polis, BMT missiyasının və Rusiya səfirliyinin əməkdaşları ilə birlikdə aparılır.
Nazirlikdən bildirilib ki, həmin jurnalistlər marşrutları ilə bağlı Rusiya səfirliyini məlumatlandırmayıb və özəl sürücünün xidmətlərindən istifadə ediblər. Sibyu şəhərinin buraxılış məntəqəsində onları fikirlərindən daşındırmaq istəsələr də, buna nail olmayıblar. Məntəqədən 32 kilometr aralıda naməlum şəxslər onlara hücum edib və qətlə yetiriblər.
“Onlar nə fransız, nə də sanqo dilində danışıblar və avtomobili ələ keçirməyə çalışıblar”, - məlumatda qeyd edilib.
Öldürülən rusiyalıların cəsədləri iyulun 31-də Sibyu şəhəri yaxınlığında aşkar edilib.
Mənbə:> Oxu.Az