30-dan çox adam öldürən Tarverdiyeva və bandasının tükürpədici cinayətləri...
Silsilə qətllərdə, silahlı basqınlarda, oğurluqda və digər bu kimi ağır cinayətlərdə ittiham olunan “Amazonlar dəstəsi”nə Rostov məhkəməsinin qərarı ilə hökm oxunub. İstintaq materiallarına görə, cinayətkar qrupun üzvləri ən azı 30 qətlə “imza” atıblar. Dəstə üzvlərinin qurbanları arasında hüquq-mühafizə orqanlarının əməkdaşları və onların ailə üzvləri də olub.
Virtualaz.org “lenta.ru”ya istinadən bildirir ki, dəstə başçısı İnessa Tarverdiyeva 21 il, bandanın digər üzvləri isə 16 ildən 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Qanlı cinayətlərin tarixçəsini oxuculara təqdim edirik.
“Amazonlar dəstəsi”nin ailə bağları
“Amazonlar dəstəsi”nə hökm Rostov vilayət məhkəməsi tərəfindən iki il sürən məhkəmə prosesindən sonra oxunub. Məhkəmə prosesinin ilk günlərində 12 nəfərdən ibarət məhkəmə iclasçıları İnessa və Viktoriya Tarverdiyevaların, onların qohumlarının 10 qətldə təqsirli olmaları qənaətinə gəliblər. Bir qədər sonra məlum olub ki, bu, onların 2007-dən 2009-cu ilə qədər Rostov vilayəti ərazisində törətdikləri dəhşətli cinayətlərin yalnız bir hissəsidir. Dəstə üzvləri isə 2013-cü ildə zərərsizləşdiriliblər.
İnessa Tarverdiyeva cinayətin baş verdiyi yerdə
Rusiya İstintaq Komitəsi 10 qətldə, 2 sui-qəsddə və 10 silahlı basqında, 60-dan çox oğurluqda ittiham olunan "amazonlar"ın üzərində daha bir məhkəmə prosesinin qurulacağını istisna etmir. Eyni zamanda, istintaq nəticəsində dəstə üzvlərinin 30-dan çox qətldə əli olduğu bildirilir. Bu da onu göstərir ki, müttəhimlər kürsüsündə əyləşənləri qarşıda daha bir neçə məhkəmə prosesi gözləyir.
Onu da qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir və onlar ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilmirlər.
Ərini sevgilisinə öldürtdürən, polislərə nifrət aşılayan qadın
İstintaqın gəldiyi nəticəyə görə, “Amazonlar dəstə”si 2007-ci ildə 40 yaşlı İnessa Tarverdiyeva və onun yaşca özündən 10 yaş kiçik olan sevgilisi Roman Podkopayev tərəfindən yaradılıb. Cinayətkar duetin ilk qanlı əməli isə 1998-ci ilə təsadüf edir. 19 il bundan öncə Roman İnessanın razılığı ilə onun əri, milliyyətcə azərbaycanlı olan Arzu Tarverdiyevi öldürüb. Mühafizəçi işləyən Arzu Tarverdiyev iş yerindəcə güllələnib.
Ərini ortadan götürməyə nail olan qadın sevgilisi ilə bir evdə yaşamağa başlayıb, İnessanın birinci nikahdan olan qızı Viktoriyanı birlikdə böyüdüblər. Sonradan elə Viktoriya özü də dəstənin fəal üzvlərindən birinə çevrilib.
“1998-ci ildən üzü bəri nə qədər adam öldürdüyümü saymamışam. Amma bütün basqınlarda iştirak etmişəm, odlu silahdan atəş açmışam. Bu həm qazanc vasitəsi, həm də polisə nifrət idi”, - həbs olunduqdan sonra müstəntiqə verdiyi ilkin ifadəsində İnessa Tarverdiyeva belə deyib. O, hətta polisləri az öldürdüyünə görə təəssüf hissi keçirdiyini də gizlətməyib.
Bandanın qurbanları arasında polislər də olub
Ailə üzvlərindən ibarət bu cinayətkar dəstə mənzilləri soyub, avtomobillərə hücum çəkib. Cinayət törətməyə gedərkən qış aylarında yatacaq yeri ilə təhciz olunmuş köhnə “Qazel”də, sərin havalarda isə özləri ilə götürdükləri çadırda gecələyiblər. Qurbanlardan təkcə pul deyil, geyim əşyaları, texniki avadanlıq, qızıl-zinət əşyaları da aparıblar. Axtarış-əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları “Amazonlar”ın oğurladıqları əşyalardan ibarət böyük bir anbar aşkar edib.
Roman Podkopayevin pasportu
2008-ci ildə Rostov vilayətinin Aksay şəhərində narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Mixail Zlıdnev və onun həyat yoldaşı yaşadığı evdə güllələnib. Quldurlar mənzildən çıxarkən mərhumların kürklərini, gödəkçələrini, hətta TV-tüneri də özləri ilə götürüblər.
Yol kənarındakı avtomobilə silahlı hücum zamanı əldə etdikləri qənimət isə çimərlik geyimi, gün eynəkləri, nişan üzüyü və sırğalar olub. Onlar bundan ötrü sürücünü güllələyiblər. Avtomobildə onurğasından ağır güllə yarası alan qız isə ömürlük şikəstə çevrilib. Onun sağ qalmasına səbəb özünü ölülüyə vurması olub.
2010-cu ilin martında “amazonlar” Novoçerkassk şəhərində fərdi yaşayış evində bir kişi ilə qadını güllələyiblər. Qatillər özləri ilə mənzildən texniki avadanlıqlarla yanaşı, geyim əşyaları, kürk və qadın çəkmələri aparıblar.
Mühafizə xidmətinin polisləri Vasili Kamforin və Vladimir Mandrik də bandanın qurbanlarıdır. Banda üzvləri onların tabel silahlarını – iki tapança və bir avtomatını ələ keçiriblər. Bu qanlı hadisə 2012-ci ilin sentyabr ayında Novoçerkassk şəhərində baş verib. Elə həmin ilin noyabrında taksi sürücüsünün mənzilini qarət etmək istəyən banda üzvləri ev sahibini qətlə yetiriblər.
Quldurlar ratsiya ilə polisləri dinləyiblər
Çox keçməyib ki, “Amazonlar banda”sına Roman Podkopayevin bacısı Anastasiya Sinelnik və onun Rusiya Dövlət Yol Polisində işləyən əri Sergey Sinelnik də qoşulub. Xidmət səlahiyyətlərindən istifadə edən Sergey banda üzvlərinin cinayətlərinin ört-basdır edilməsinə kömək göstərib, onları öz evində gizlədib, qonşuluqda yaşayan mümkün qurbanları, imkanlı şəxsləri nişan verib, öz maşını ilə banda üzvlərini cinayətin törədiləcəyi məkana aparıb. Əldə olunan qənimətləri satmaqla məşğul olub. Axtarış zamanı Sergey Sinelnikin həyətindəki çirkab quyusundan qətlə yetirilmiş şəxslərin əşyaları tapılıb.
Sergey Sinelnik dəstə üzvlərini ratsiya ilə də təchiz edib. Cinayətkarlar “telsiz” vasitəsilə polislərin danışıqlarını dinləyib. Bu səbəbdən də hüquq-mühafizə orqanları quldur dəstəsini uzun müddət tuta bilməyiblər.
Sergey Sinelnik və İnessa Tarverdiyeva məhkəmə zalında
Anastasiya ilə Viktoriya qurbanlara məxsus geyim və bəzək əşyalarından geninə-boluna istifadə ediblər. Öldürdükləri insanların paltarlarını, zinət əşyalarını geyinməkdən çəkinməyiblər.
Dəstə üzvləri niyə “amazonlar” adlandırılıb?
Növbəti qətl hadisələrindən birində polislər üzərinə “Mənim sevimli amazonkama” tipli yazı həkk olunan bıçaq tapıblar. Əslində, hadisə yerindən aşkarlanan bu əşyayi-dəlilin basqınçılara heç bir aidiyyatı olmayıb. Bıçaq orada təsadüfən aşkarlanıb. Adı istintaqa bəlli olmayan gənc həmin bıçağı öz sevgilisinə hədiyyə edibmiş. Hədiyyə qızın xoşuna gəlməyib, onu bir kənara atıb. Bıçağın aşkarlandığı həmin ərazidə isə qatillər növbəti qətli törədiblər.
Ərzağa görə axıdılan qan
“Amazonlar dəstəsi” son cinayətə 8 sentyabr 2013-cü ildə imza atıb. Podkopayev ögey qızı Viktoriya ilə birgə ev sahibini qətlə yetirdikdən sonra mənzildəki ərzaqları da götürüb meşə ilə “Qazel”ə doğru istiqamət alıblar. Onları təsadüfən mühafizə xidmətinin əməkdaşları görüb. Polislərlə quldurlar arasında atışma baş verib. Atışma zamanı polislərdən biri həlak olub, Podpokayev öldürülüb, Viktoriya isə yaralanıb. Polis əməkdaşları İnessayla 13 yaşlı qızını “Qazel”də yatdıqları yerdə yaxalayıblar. İnessa saxlanılarkən üzərində iki qumbara aşkarlanıb. Amma silah-sursatdan istifadə etməyə macal tapmayıb. İnessayla Romanın 13 yaşlı qızı isə polisin ayağını dişləməklə müqavimət göstərməyə çalışıb.
"Amazonlar"a məxsus həyət evi qurbanlarının əşyalarından ibarət anbara, həmçinin silah-sursat cəbbəxanasına bənzəyib. Oradan 21 ədəd tüfəng, 8 tapança, avtomat silahlar, çoxlu sayda qumbaralar, patronlar və bıçaqlar aşkar edilib.
Podpolkovnikə və ailəsinə qurulan divan
Banda 2007-2013-cü illərdə Stavropol diyarında və Rostov vilayəti ərazisində fəaliyyət göstərib. Banda üzvlərinin ən dəhşətli cinayəti 2009-cu ildə podpolkovnik Dmitri Çudakov, onun həyat yoldaşı və iki azyaşlı uşağının öldürülməsidir.
Qətlə yetirilmiş podpolkovnik və ailəsi
İstintaq zamanı İnessa Tarverdieva bir çox əməlləri, o cümlədən Çudakovlar ailəsini də qətlə yetirdiklərini etiraf edib. Qətl hadisəsi "Don" şosesinin kənarında baş verib. İnessanın ifadəsinə görə, gecə saatlarında qəsəbə kənarında dayanmış avtomobilə basqın etməyi qərara alıblar. O, Dmitri Çudakovu və arvadını güllələyib, əri Roman isə azyaşlı uşaqları bıçaqla qətlə yetirib. Qatil podpolkovnikin 11 yaşlı qızına 37 bıçaq zərbəsi endirib.
Məhkəmə zamanı istintaqa verdiyi ifadəsini təkzib edən İnessa Tarverdiyeva azyaşlıları özü öldürdüyünü deyib: “Ərim bıçaqdan istifadə edə bilmirdi, uşaqları isə sağ qoymaq olmazdı. Onları mən öldürmüşəm. Roman valideynlərini güllələyib”.
Zərərçəkmiş oğlunu və onun ailəsini “Amazon qatilləri”nin öldürmədiyini iddia edir
Mərhum podpolkovnik D.Çudakovun anası Valentina Çudakova oğlunun və ailəsinin “Amazon qatilləri” tərəfindən öldürülməsinə inanmadığını deyib. Poçt qutusuna fleş-kart, bəzi sənədlər göndərildiyini söyləyən V.Çudakova həmin sənədlərdə, istintaq materiallarında qətlin “Amazon qatilləri” tərəfindən həyata keçirilmədiyini göstərən faktlar olduğunu açıqlayıb. Zərərçəkmiş ifadəsində oğlunun narkotik alverçilərinə qarşı xüsusi əməliyyatda iştirak etdiyini, bu səbəbdən də “Sultan” adlı mütəşəkkil cinayətkar dəstə tərəfindən öldürülməsi versiyasını irəli sürüb.
V.Çudakovanın sözlərinə görə, 2010-cu ildə həbs olunan killerlər özləri bu haqda müstəntiqə etirafedici ifadələr veriblər. Podpolkovnikin anası bütün bu versiyalara aydınlıq gətirilməsi üçün işin təkrar istintaqa qaytarılmasını məhkəmədən xahiş etsə də, onu dinləyən olmayıb, zaldan qovulub.
Çudakovlar ailəsinin əsl qatili kimdir?
Çudakovlar ailəsinin qətlində “Amazonlar”ın izinin olmasını İnessa Tarverdiyeva etiraf edənə qədər sözügedən qətlə görə Aksay şəhər sakini Aleksey Serenko ittiham olunub və 18 ay istintaq təcridxanasında saxlanılıb. Azad olunduqdan sonra isə qanunsuz həbs edilməsinə görə 10 milyon rubl kompensasiya tələb edib. Ona cəmi 300 min rubl ödənilib. A.Serenkoya istintaq təcridxanasında keçirdiyi hər günə görə 550 rubl verilib.
Həm istintaq, həm də məhkəmə zamanı təkzibolunmaz faktlarla bir daha sübut olunub ki, bu qətl məhz “Amazonların” “əli işi” olub. Axtarış zamanı onlardan podpolkovnikin vəsiqəsi və həyat yoldaşının qızıl-zinət əşyalarını aşkarlanaraq götürülüb.
"İşin içərisində ballistik, molekulyar-genetik və digər ekspertiza nəticələri var. İnessa Tarverdiyeva dəfələrlə dindirilib, hadisə yerində müstəntiqlərin iştirakı ilə yoxlamalar aparılıb. Qadın cinayətlə bağlı bütün detalları, dəstə iştirakçılarının rollarının nədən ibarət olmasından danışıb. Elə detallar açıqlayıb ki, bunu cinayətə bilavasitə cəlb olunmuş şəxsdən başqa kimsə bilməz”, - deyə müstəntiq açıqlayıb.
Cinayət və cəza
Məhkəmənin hökmü ilə İnessa Tarverdiyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 21 il, onun qızı Viktoriya 16 il, keçmiş polis əməkdaşı Sergey Sinelnik 20 il, onun arvadı Anastasiya isə 19 il müddətinə azadlıqdan məhrum ediliblər. İnessa və qızı törətdikləri əməllərdən peşman olduqlarını, bütün günahların Roman Podkopayevdə olduğunu deyiblər.
Sergey və Anastasiya Sinelniklər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmayıblar. Ər-arvad məhkəməyə verdikləri ifadələrində gah qohumlarının cinayətkar fəaliyyətindən xəbərsiz olduqlarını, gah da onlardan qorxduqlarına görə cinayətlərini ört-basdır etmək məcburiyyətində qaldıqlarını deyiblər. Məhkəmə ər-arvadın ifadələrini inandırıcı hesab etməyib.
Zərərçəkmişlərə dəymiş mənəvi ziyana görə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər 12,5 milyon rubl ödəyəcəklər.
Sinelniklər barələrində çıxarılan hökmdən şikayət etmək niyyətindədirlər. Həmçinin, məhkəmənin qərarı mərhum Çudakovun anası Valentina Çudakovanı da qane etməyib. Qətldə tamam başqa şəxslərin əli olduğunu iddia etməklə yanaşı V.Çudakova müttəhimlər tərəfindən maddi ziyanın kompensasiyasından da imtina edib.
Mənbə:> Virtualaz.org