Gəncədə qohumundan 80 min manatlıq oğurluq edən qız tutulub
Gəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb.
AzNews.info xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Səmayə Məmmədova idarəyə müraciət edərək bildirib ki, Yeni Gəncə qəsəbəsində ona məxsus mənzildən 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S.Məmmədovanın bacısı nəvəsi, Şəmkir rayon Mahmudlu kənd sakini, 1995-ci il təvəllüdlü Həcər Muradova saxlanılıb.
O, oğurluq etdiyini etiraf edib və oğurladığı qızıl-zinət əşyalarını istintaqa təhvil verib.
H.Muradova anasının xəstə olduğunu və ona dərman almaq üçün oğurluq etdiyini bildirib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.
Mənbə:> APA