İlhamə Quliyevanın mənzilinə və brilyantlarına həbs qoyuldu
Hüquq-mühafizə orqanları mərhum xalq artisti İlhamə Quliyevanın əmlakına həbs qoyublar.
AzNews.info xəbər verir ki, bunu virtualaz.org-a xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İlhamə Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.
Ə.Mirəliyev deyib ki, İ.Quliyevanın əmlakına qoyulan həbs bütün təfərrüatlar araşdırılana qədər qüvvədə olacaq. Onun sözlərinə görə, bu, xalq artistinin özündən sonra vəsiyyətnamə qoymaması ilə bağlıdır.
İ.Quliyevanın əmlakına həbs qoyulması xəbərini virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiq etməyiblər. Bununla belə bildirilib ki, bütün əmlak müvafiq qaydada qeydiyyata alınıb.
Mənbə:> Virtualaz.org