Azərbaycanlı İjevskdə 10 il ərzində başqa adla yaşayıb
Azərbaycan vətəndaşı Heydərov Vidadi Vaqif oğlu İjevskdə başqa birinin sənədləri ilə yaşayıb, susanin.udm.ru agentliyi bu barədə Udmurt Respublikasının prokurorluğunun mətbuat xidmətinə istinadən bildirib.
Oxu.Az xəbər verir ki, Heydərov Vidadi Vaqif oğlu sağlamlığa bilərəkdən xəsarət yetirmədə ittiham edilir.
Bildirilir ki, Heydərov Vidadi Vaqif oğlu saxlanılan zamanı polis əməkdaşlarına Əliyev Sübhi Ələkbər oğlunun pasportunu təqdim edib. İjevsk şəhərində yaşayan həmyerlimizin əvvəllər mühakimə olunduğu və 5 il həbs həyatı yaşadığı üzə çıxıb. V.Heydərov silah qismində istifadə edilən predmetlə insan sağlamlığına ciddi xəsarətlər yetirmədə təqsirli bilinir.
O, Əliyev deyil, Heydərov olmasını yalnız məhkəmədə bildirib. Həqiqi adının müəyyənləşdirilməsi üçün istintaq orqanlarına bir il vaxt lazım olub. Məlumatların həqiqi olub-olmadığı Azərbaycanın müvafiq orqanlarından alınan materiallar əsasında müəyyənləşdirilib.
Yaxın günlərdə ittiham edilən şəxs öz adı ilə məhkəmə qarşısına çıxacaq.
Mənbə:> Oxu.Az