82 manat 50 qəpiklik körpə » AzNews.info -Xəbər portalı

Bölmə: Ədəbiyyat, Köşə

82 manat 50 qəpiklik körpə

82 manat 50 qəpiklik körpə


Xeyli zaman yazı yaza bilmirdim. Özümü sönmüş vulkana bənzədirdim... Sanki, yüz illər öncə alov püskürmüşdü, ardından əsrlərlə sönük idi. Məncə, yazı yaza bilməməyin tərifi bundan ibarətdir.

Guya yazsam, bundan sonra yüz minlərlə yazı yazılsa, nə olacaq? Dərd-sərimiz bitmir və bitməz də... Hələ, uzaqdan baxanda, daha aşkar görürsən, yanaşsan, ondan da betər... Ümidsizlik çox pisdir, hər şeyin tükəndiyi yerdir. Bir deyim var - “ümid ölümdən sonra bitər”. Bizsə bu ümidsiz ölkənin vətəndaşları olaraq, elə köşəyə sıxışmışıq ki, ümidimiz ölmədən öncə bitmişdir.

İstər lüzumsuz deyin, istər nə deyirsiz deyin, bunu yazmasam, olmayacaq... Sözü qısa tutub, mətləbə keçirəm.

Yeni doğulmuş körpəmin sənədlərini çıxartmaq üçün məcbur qalıb öz vətənimə üz tutdum. Niyə belə deyirəm? - çünki mənsub olduğum ölkənin xaricdəki səfirliyi deyir ki, “Azərbaycan Respublikasının yeni çıxmış elektron pasportlarına uşağın şəklini yapışdıra bilmirik. Bunun üçün uşağa ayrıca xarici pasport almaq lazımdır. Və bizim bunu verməyə səlahiyyatımız yoxdur”. Nəysə, yuxarıda dedim axı, üz tutmalı oldum vətənə və doğum haqqında şəxsiyyət vəsiqəsini almaq üçün “Asan xidmət” adında dövlət orqanına getməli oldum. Beləliklə...əlimdə sənədlər yaxınlaşdım icraçıya. Sənədlər dediyim; ananın doğum haqqında şəhadətnaməsi, hər iki tərəfin - ata və ananın şəxsiyyət vəsiqəsi – bir tək atanın doğum haqqında şəhadətnaməsi yox idi, çünki itirilmişdi.

İcraçıya dedim ki:

* Bəs uşağa doğum haqqında şəhadətnamə almalıyam. Ancaq atanın doğum haqqında şəhadətnaməsi burda yoxdur, qısacası, itirilib. Özü də başqa ölkədə doğulduğu üçün doğum haqqında şəhadətnaməni hazırda ala bilməmiz mümkünsüzdür. Əlimizdə atanın sənədləri ilə bağlı şəxsiyyət vəsiqəsi vardır.

Hə... İcraçının cavabı:

* O zaman uşaq üçün doğum haqqında şəhadətnamədə yazacağıq ki, uşağın milliyyəti yoxdur.

* “Axı niyə? Necə yəni milliyyəti bəlli deyil? Azərbaycanlı deyilmi? Ata Azərbaycanlı, ana da Azərbaycanlı...

* Yox əgər atanın doğum haqqında şəhadətnaməsini vermirsinizsə, o zaman uşağın milliyyəti müəyyən olunmamış yazılacaq. Ya da bunun üçün atanın doğulduğu yerə – ölkəyə gedib, arxivdən araşdırıb, itirilmiş sənəd üçün ərizə yazın, bir müddət gözləyib – bəlkə, bir neçə ay - şəhadətnaməni əldə etdikdən sonra, qayıdın uşaq üçün doğum şəhadətnaməsini verək. Yoxsa sırf uşağın atasının doğum haqqında şəhadətnaməsi təqdim edilmədiyi üçün uşağa milliyyəti müəyyən olunmayıb yazacağıq, bu da gələcəkdə uşaq üçün problem ola bilər...

Öz-özümə düşündüm, necə də gözəl ölkədə yaşayırıq ey Xudavəndi-aləm?! İnsan dərindən düşünəndə, əsəbləri tarıma çəkilir. Axı bizim iş-gücümüz var. Bu qanuna əsasən, biz bu ölkənin vətəndaşı olduğumuza görə, ən adi problemlə qarşılaşanda aylarla gözləməliyik. Burnumuzdan gəlməlidir. Biz uşağa sənəd ala bilməsək, qayıda bilmirik, işimizdən qalırıq. Yox, “hər şey cəhənnəm” deyib, alsaq, o zaman da uşaq milliyyətsiz olaraq sənədləşdirilir. Çox gülüncdür, daha doğrusu, acınacaqlıdır!

Nəysə, bir təhər, azərbaycansayağı yolla məsələni həll edib yoluna qoyduq...

***

Keçək ikinci mətləbə... Bu dəfə də araşdırmaq istədim ki, Azərbaycan vətəndaşı olan uşaq üçün nə qədər müavinət nəzərdə tutulub. Aldığım nəticə yenə də gülüncdür. Daha detalları yazmayacam. Çünki adam utanır yazmağa. Sadəcə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun saytını açdım və istədim onlara müraciət edib yazam ki, Azərbaycan vətəndaşı uşaq xaricdə doğulubsa, müavinətdən yararlana bilirmi? Saytda “vətəndaşlar üçün online müraciət” deyə, yer var. Bəlkə, bir on dəfə qüsursuz şəkildə həmin yeri doldurdum göndərdim, amma mümkün olmadı. Yəni “online işləm” sadəcə, görüntüdən ibarətdir, hər şey kimi... Daha sonra baxdım, yazılıb ki, “işləməyən analar uşaq üçün aylıq müavinət ala bilmirlər, sadəcə, birdəfəlik müavinət haqqından yararlanırlar – bu da 82 manat 50 qəpikdən ibarətdir”.

Bir məqalədə də oxudum ki, guya müvinəti ona görə 100 manata qaldırmaq istəmirlər ki, doğumların sayını balanslaşdırmaq məqsədini güdür. Guya,18 manat qaldırsaydılar, analar bu pula görə fikirlərini dəyişib uşaq doğardılar. Bir də o qədər çox sənəd tələb edirlər ki, çox insan bunlara vaxt sərf etməkdən imtina edir. Çünki bu pula dəymir də...

Yəni, Azərbaycanda doğulan körpənin dəyəri bu ölkə üçün 82 manat 50 qəpiklə ölçülür. Bu da, sadəcə, Azərbaycanda doğulan uşaqlar üçündür. Azərbaycan vətəndaşı olmaq yetmir, həm də Azərbaycanda doğulmalısan... Bu gülünc rəqəmdən sonra məni qınamayın... Öz-özümə bunu düşündüm; Bəs, dəyəri bu cür gülünc rəqəmlə ölçülən bir uşağı böyüdüb, boya-başa çatdırandan sonra, görəsən, necə bu ölkə üçün hərbi xidmətə göndərib, deyəsən ki, get vətəni qoru?! Vallah mənim bunu deməyə gücüm çatmır... Bu ölkənin gücü çatırsa, sözüm yoxdur! Qoy, fəda olsun! - demək istərdim... Əllərim titrəyir yazmağa, dilim varmır... Vallah, məni qınamayın, deyirəm, bəlkə, tamamən imtina etsəm vətəndaşlıqdan...

Günel Əhmədova

Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *