Obamadan xalqa müraciət
Ağ ev ABŞ prezidenti Barak Obamanın prezident səlahiyyətlərindən istifadə edərək qəbul edəcəyi mühacirətlə bağlı planının detallarını bu gün açıqlayacağını təsdiqləyib.
ANS PRESS-in verdiyi məlumata görə, Ağ evin sözçüsü Coş Ernst bildirib ki, prezident Barak Obama mühacirət islahatları ilə bağlı bu gün xalqa müraciət edəcək.
ABŞ-ın daxili təhlükəsizlik naziri Ceh Conson müxbirlərə prezident Obamanın mühacirət islahatları qanununun əhatəli olacağını və sərhəd təhlükəsizliyini də əhatə edəcəyini deyib.
Mühacirət islahatlarına dair qanun Senatda səsvermədən keçib, Nümayəndələr Palatasında təsdiq edilmədikdən sonra Barak Obama bu ilin əvvəlində qanunun qəbulu üçün prezident səlahiyyətlərindən istifadə edəcəyinə söz verib.
Bəzi mətbuat orqanları yazıblar ki, bu sərəncam 5 milyon qanunsuz mühacirin deportasiya edilməsilə bağlı qorxuları aradan qaldıracaq, sərhəd təhlükəsizliyini möhkəmləndirəcək və uşaq vaxtı ABŞ-a gətirilən sənədsiz insanların statusunun qanunlaşdırılmasına kömək göstərəcək.
Mənbə:> ANSPRESS