"Qarabağ" "Çelsi"yə qol vurmuş futbolçunu almaq istəyir
Bolqarıstanın "Botev” klubunun futbolçusu Marian Oqnyanov karyerasını ölkəmizdə davam etdirə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Bolqarıstanın məşhur "7 dni sporta" nəşri məlumat yayıb. Məlumata görə, 26 yaşlı yarımmüdafiəçi klublarımızdan birinin maraq dairəsinə düşüb.
Belə ki, adıçəkilən nəşr "Botev”in aprelin 10-da Sofiyada MOİK ilə oyunu zamanı qarşılaşmanı tribunadan izləyən əcnəbi klub nümayəndələrinin Azərbaycandan olduğunu iddia edir. Klubun adını dəqiqləşdirə bilməyən həmkarlarımız qonaqların məhz Marian üçün stadiona təşrif buyurduğu qənaətindədir. Həmin görüş qolsuz başa çatıb və pleymeyker kimi hücumçu arxasında çıxış edən Oqnyanov ilk 57 dəqiqəni meydanda keçirib.
Bolqarların iddiasına görə, həmyerlilərimizin yayı gözlədiyi iddia olunur. Çünki müqaviləsi başa çatan bolqarıstanlını azad agent kimi pulsuz heyətə cəlb etmək mümkün olacaq. Oqnyanov bu variant alınmasa, sabiq klubu "Levski”yə qayıtmaqda maraqlıdır. Onun 2004-2011ci illərdə formasını geydiyi paytaxt klubu yarımmüdafiəçini geri qaytarmaq iddiasındadır.
Qeyd edək ki, Marian Oqnyanov 2006/07 mövsümündə "Levski" Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayan vaxt "Çelsi"yə qol vurması ilə tanınıb. O, 2006-cı ilin sentyabrın 27-də 1:3 hesabı ilə bitən matçda komandasının yeganə qoluna imza atıb. Yeri gəlmişkən, 2009-cu ildə ÇL-in təsnifat mərhələsində "Levski" ilə "Bakı"ya qarşı oynayan futbolçulardan biri də Oqnyanov olub.
Sport7.az-ın əldə etdiyi son məlumata görə Marian Oqnyanovla maraqlanan klub "Qarabağ"dı. Ağdam klubu hələ ötən ilin sonlarından Oqnyanova göz qoymağa başlayıb.
Mənbə:> ANSPRESS