Bakıdakı möhtəşəm açılışa... sarımsaq əzənlə getdi – VİDEO
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyatlar Komitəsi və Bakı Şəhər Baş Polis İdarəsi oyunlar zamanı itən və tapılan əşyaların idarə edilməsi birgə xidmətini yaradıblar.
Artıq bir aydır ki, fəaliyyət göstərən tapıntılar bürosuna həm əşya itirənlər, həm də hər hansı bir əşyanı tapanlar müraciət edirlər.
Tapıntılar bürosunun menecer köməkçisinin sözlərinə görə, müraciətlərə əsasən müvafiq ərizə formaları təqdim edilir. Ərizə formaları doldurulduqdan sonra gətirilən əşya əgər axtarışa verilibsə, həmin şəxsə məlumat verilir. Və ya əksinə. Ərizə forması dolduran şəxs itirdiyi əşya barədə dolğun məlumat yazır və həmin əşya bazada olarsa, sahibinə geri qaytarılır.
Tapılan əşyaları çəkmək üçün icazə verilməsə də, büronun menecer köməkçisi Fərrux Hüseynzadə dedi ki, taplıb mərkəzə təhvil verilən əşyalar arasında ən çox eynək, maşın açarları və xüsusilə də şəxsiyyət vəsiqələri üstünlük təşkil edir.
Bundan əlavə 18 idman obekytinin hər birində məlumat mərkəzi fəaliyyət göstərir. Arenalarda qalan və ya itən əşyalar həmin idman obyektinin məlumat mərkəzinə təqdim edilir ki, oradan da tapıntılar bürosuna təhvil verilir. Nə qədər qəribə səslənsə də oyunların açılış mərasimi də daxil olmaqla, idman arenalarında tapılan əşyalar arasında məişət əşyaları da olub.
Tapıntılar bürosunun menecer köməkçisi Fərrux Hüseynzadə deyir ki, Avropa Oyunların açılış mərasimi zamanı bir tamaşaçı sarımsaq əzənlə gəlmişdi və nəticədə mühafizə xidmətinin əməkdaşları onun içəri buraxarkən sarımsaq əzəni bizim büroya göndərmişdi.
Tapıntılar mərkəzinə həm də 2015 telefon nömrələri ilə də müraciətlər olur. Mərkəzdə fəaliyyət göstərən çağırı mərkəzinə gün ərzində 50-yə yaxın zəng daxil olur.
Bu günə qədər 560 əşya tapılıb ki, onlardan da 30 faizi artıq sahiblərinə qaytarılıb. Bu isə yüksək göstərici hesab edilir.
Oyunlar yekunlaşdıqdan sonra isə tapılan əşyalar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil veriləcək. İdarənin ictimai təhlükəsizlik idarəsinin bölmə rəisi Hüseyin Mehdiyevin sözlərinə görə, iyul ayının birindən etibarən il ərzində müraciətlər olmazsa, məhkəmə qaydası ilə əşyalar onları tapan şəxslərə veriləcək.
Mənbə:> Virtualaz.org