“Tayms-skverdə öpüş” fotosundakı tibb bacısı vəfat edib
ABŞ-ın Virciniya ştatında “Tayms-skverdə öpüş” fotosundakı tibb bacısı Qreta Fridman dünyasını dəyişib.
Oxu.Az bu barədə “The New York Times” nəşrinə istinadən xəbər verir.
92 yaşlı Fridman cümə axşamı, sentyabrın 8-də, Riçmond şəhər xəstəxanasında vəfat edib. Mərhumun oğlu Coşua Fridmanın sözlərinə görə, son vaxtlar onun anası bir sıra xəstəliklərdən, o cümlədən, pnevmoniyadan əziyyət çəkirdi. Qadın Arlinqton qəbiristanlıqda ərinin yanında dəfn ediləcək.
“Tayms-skverdə öpüş”, həmçinin “Yaponiya üzərində qələbə günü tayms-skverdə” və ya “dənizçi tibb bacısını öpür” fotosu 14 avqust 1945-ci ildə Alfred Eyzenştedt tərəfindən Nyu-Yorkda əhalinin İkinci dünya müharibəsinin başa çatmasını qeyd etməsi zamanı lentə alınıb. Bir həftə sonra fotolar “Life” junalında dərc olunub. Foto XX əsrin ən məşhur fotoşəkillərindən birinə və Roma-Berlin-Tokio oxu üzərində qələbənin simvoluna çevrilib.
Mənbə:> Oxu.Az