Heydər Əliyev Vaşinqtonda anıldı – FOTO
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilib.
ANS PRESS-in məlumatına görə, tədbir iştirakçıları qarşısında çıxış etmiş səfir Elin Süleymanov xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib və bu mənada onun Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb. Bu barədə Trend xəbər yayır.
O, Azərbaycan xalqının hər zaman Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini deyib və onun əziz xatirəsinin Azərbaycanda və eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını ifadə edib. Səfir Süleymanov ümummilli liderin aramızda olmadığı illər ərzində onun ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın hərtərəfli tərəqqiyə şahid olduğu və Azərbaycanın beynəlxalq ictimaiyyətin nüfuzlu və güclü bir üzvü olaraq, mövqelərini möhkəmləndirdiyini qeyd edib. O, ABŞ-ın Azərbaycandakı Səfirliyində çalışdığı illərdə bu dahi şəxsiyyətlə təmasda olduğu anları və onunla bağlı xatirələrini bölüşmüşdür.
Daha sonra ABŞ-da yaşayan Azərbaycan icmasının üzvü Həbib Azərsina da ümummilli lider Heydər Əliyev barədə dəyərli xatirələri haqqında danışmışdır. O, 1990-cu illərinin əvvəllərində Heydər Əliyevin bir sıra ABŞ dövlət rəsmiləri, o cümlədən sabiq Prezidentlər Bil Klinton və Con Buş ilə görüş və müzakirələrini tərcümə etdiyini xatırlamışdır. H.Azərsina həmin görüşlər zamanı Heydər Əliyevin Azərbaycanı ən yüksək səviyyədə təmsil etdiyini söyləyib və ali post sahibləri olan həmsöhbətləri ilə müzakirələri bərabərhüquqlu tərəfdaş kimi apardığını vurğulamışdır. O, Azərbaycanın taleyüklü əhəmiyyət daşıyan “Əsrin Müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” kəməri və digər mühüm layihələrin birmənalı şəkildə Heydər Əliyevin nümayiş etdirdiyi möhkəm iradə və uzaqgörən siyasət nəticəsində mümkün olduğunu göstərib. H.Azərsina eləcə də müasir Azərbaycanın müstəqil bir dövlət kimi inkişaf edib, çiçəklənməsinin arxasında Heydər Əliyev dühasının dayandığını ifadə dib.
Tədbir çərçivəsində həmçinin ümummilli lider Heydər Əliyevin ABŞ-a etdiyi müxtəlif səfərlərdən çəkilmiş fotoşəkillərin sərgisi təşkil edilib ibvə onun keçdiyi həyat yoluna dair film nümayiş olunub.
Mənbə:> ANSPRESS