Bakı metrosunda ilk dəfə: vaxt dəyişəcək
Bakı metropoliteni bu günəcən görülməmiş bir işə qol qoydu
Milli.Az xəbər verir ki, Bakı metropoliteni Avropa Oyunları ilə bağlı xüsusi plan hazırlayıb. Qarşıdan gələn oyunlarla bağlı metropoliten ilk dəfə olaraq iş qrafikini gecə saat 3-dək uzadacaq.
İyunun 12-si və 28-i (cəmi iki 2 gün) - Avropa Oyunlarının açılış və bağlanış ərəfələrində - Bakı metrosu gecə 3-dək işləyəcək, ola bilsin, bu vaxt 4-dək də uzadılsın. Bu barədə məlumatı Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.
"Adi hallarda metropoliten saat 00:00-dək işləyir. Ancaq tariximizdə ilk dəfə olaraq Bakı metrosu gecə saat 3-dək işləyəcək.
Məqsəd isə Avropa Oyunlarının açılış və bağlanış tarixlərində oyunlardan çıxmış şəxsləri tam rahat şəkildə mənzil başına çatdırmaqdır. Əgər üçə qədər olan vaxt çatmazsa, qrafik saat 4-ə qədər də uzadıla bilər", - Nəsimi Paşayev deyib.
Şöbə rəisi onu da əlavə etdi ki, digər oyun günlərində - 13-27 iyun araları - Bakı metropoliteni gecə saat birə qədər işləyəcək, platformalarda sıxlığın qarşısının alınması üçün isə qatarlar arasındakı vaxt intervalı minimuma endiriləcək.
Mənbə:> Milli.Az