Leyla və Emin: "Biz dost olaraq qalırıq" – VİDEO+FOTO
Prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər.
ANS PRESS-in məlumatına görə, bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.
Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.
Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".
Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. Onların nikahı böyük sevgi və hörmət üzərində qurulmuşdu.
1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib.
Leyla Əliyeva 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib. Evliliyin ilk illərinə təsadüf edən tələbəlik illərini əks etdirən videoçarxda cütlüyün birlikdə keçirdiyi xoşbəxt anlar yer alıb.
2012-ci ildə EMIN və Leyla Aliyevanın birlikdə çəkildiyi klipi izləsək onların bu evlilikdə nə qədər xoşbəxt olduqlarını görmək olar. EMİN ekran işində ifa etdiyi mahnını Leyla xanıma həsr edib.
EMİN dəfələrlə solo-konsertlərində Leyla xanıma öz sevgisini nümayiş etdirmişdi.
Bir neçə ay əvvəl İnstagram səhifəsində Leyla xanıma sevgisini bildirən paylaşım etmişdi.
Azərbaycanın ictimai-siyasi həyatında öz rolu olan Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, bununla yanaşı Fondun Rusiya filialının rəhbəridir. Eləcə də Moskvada rus dilində nəşr "Баку" jurnalının təsisçisi və baş redaktorudur.
Leyla xanım həmçinin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.
Bütün bu vəzifələrlə yanaşı incə ruhlu Leyla xanım şeirləri ilə sevilir.
Moskvada yaşayan Emin Ağalarov atasının qurduğu "Crocus Group" şirkətinin vitse-prezidentidir. O, həmçinin bəstəkar-müğənnidir.
Mənbə:> ANSPRESS