Yanmış binada qalan jurnalistdən xəbər var (YENİLƏNİB) – VİDEO+FOTO
Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və anası xilas edilib.
ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.
İlkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
13:23:00
Binəqədi rayonunda alışan hündürmərtəbəli binada yaşayan jurnalist Sevinc Fədai və bir aylıq Ucal körpəsi barədə son məlumat əldə edilib.
ANS PRESS-in məlumatına görə, jurnalist xanımın qohumu onların hələ də binanın içində qaldığını, amma sağ-salamat olduğunu bildirib. Hazırda onlar xilas edilmələrini gözləyirlər.
Nailə Qurbanova adlı xanım, "Dostlar, Sevinclə Ucal salamatdı, sadəcə içəridən hələ çıxarmaq olmur" yazaraq, sosial şəbəkədə status paylaşıb.
Qeyd edək ki, Sevinc Fədai "1937.az saytının, "Aydın yol" və "Gündəlik Teleqraf" qəzetlərində çalışıb.
Qeyd edək ki, Bakıda hündürmərtəbəli binada yanğın baş verib. Binəqədi rayonu ərazisində baş vermiş hadisə nəticəsində binanın fasadı alışıb. Hadisə yerinə çoxsayda xilasedici dəstə və texnika cəlb edilib.
Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.
Ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlmişdir. İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.
Mənbə:> ANSPRESS