Məşəl Qarabağda – VİDEO
Böyük yarışa 33 gün qalmış “Bakı-2015”in məşəli ölkə ərazisini gəzməyə davam edir. İlk Avropa Oyunlarının məşəlinin bu dəfəki dayanacağı Ağcabədi rayonu oldu.
ANS TV-nin məlumatına görə, “Bakı 2015” I Avropa Oyunlarının məşəli bu gün Ağcabədi rayonuna çatdı. Məşəli qəbul edən ağcabədili gənc qız Radə Qafarova daha sonra estafeti marafonçu gənclərə verdi.
10 marafonçunun 4 min metr məsafədə daşıdığı məşəl Heydər Əliyev adına mərkəzi meydanda quraşdırılmış səhnəyə gətirildi.
Beynəlxalq dərəcəli idmançı Eldəniz Qənbərov meydandakı məşəli alovlandırdı. Məşəli qarşılamaq üçün meydana minlərlə ağcəbədili toplaşmışdı.
“İdmançılarımıza ən yüksək qalibiyyət qalib olsunlar. Bütün bizi istəməyən düşmənləri hamısını ayaqlayıb keçsinlər”, – deyə Ağcabədi sakini Maya Bayramova bildirib.
Eldəniz Qənbərov məşəlin məhz onun tərəfindən alovlandırılmasından qürur hissi keçirdiyini bildirdi.
Marafonçu Eldəniz Qənbərov: “Çox xoşbəxtəm ki, I Avropa Oyunlarının məşəlinin yandırılması mənə qismət olub”.
Axşam saatlarında məşəl estafetini cəbhə xəttində yerləşən Ağdam rayonu təhvil aldı.
Mənbə:> ANSPRESS