Bakıda “Hyundai” qaz borusuna çırpılıb yandı - YENİLƏNİB + FOTO
“Azəriqaz” İstehsalat Birliyi “Hyundai” markalı minik maşınının yol kənarındakı qaz borusuna çırpılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Birliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurularaq yararsız hala salınıb.
Qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin, RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb.
Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.
09:14
Bakının Nərimanov rayonunda “Hyundai” markalı minik maşını yol kənarındakı qaz borusuna çırpılıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Mənbə:> Oxu.Az