Deputat: Reproduktiv sağlamlıq sağlam ana, sağlam övlad deməkdir
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbuluna böyük ehtiyac duyulur.
Bunu Oxu.Az-a açıqlamasında ixtisasca həkim olan millət vəkili, bir zamanlar Milli Məclisin (MM) plenar iclasının birinci oxunuşunun müzakirəsinə çıxarılmış “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müəlliflərindən biri Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, artıq neçə illərdir cəmiyyətdə belə bir qanun layihəsinin qəbuluna ehtiyac hiss edilir, bu, bir növ sosial sifarişdir.
Millət vəkili deyib ki, qanun layihəsinin qəbulunun yubanmasına, yəni sənədin uzun illər ciddi müzakirələrə və mübahisələrə səbəb olan bır sıra maddələri artıq qanun layihəsindən çıxarılıb.
“Reproduktiv sağlamlıq, əslində, ailə planlaşdırılması, ana, qadın sağlamlığının təmin edilməsi, dünyaya sağlam ovladın gətirilməsi deməkdir. Hamımız istəyirik ki, gələcəyimiz sağlam, yəni sağlam şəkildə dünyaya gətirilən və sağlam böyüyən nəsildən ibarət olsun. Dünyaya övlad bəxş edən qadınlarımız, analarımız sağlam olsun. Odur ki, bu məsələləri hüquqi çərçivədə tənzimləyəcək qanun layihəsinə ehtiyac var.
Çox güman ki, yaxın gələcəkdə bu yöndə qanun layihəsinin müzakirələri və qəbulu baş tutacaq”.
Onu da xatırladaq ki, adıçəkilən qanun layihəsi 3-cü çağırış parlamentdə müzakirəyə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adı altında təqdim olunmuşdu.
Düzdür, qanun layihəsi o zaman bəzi mübahisəli məqamlara görə geri qaytarılsa da, sonradan onun ətrafında yenidən müzakirələr açılmış və sənədin, sadəcə, “Reproduktiv sağlamlıq haqqında” adlandırılması məqsədəuyğun sayılmışdı.
Mübahisə doğuran məqamlar gəlincə, onlar “surroqat ana” və “donor bank” məsələləri, müddəaları idi ki, uzun illər bunun ətrafında mübahisələr bitmək bilmirdi. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu müddəalara kəskin etiraz edirdi.
Artıq verilən məlumatlara görə, mübahisə doğuran bu məsələlər qanun layihəsindən çıxarılıb.
Qeyd edək ki, MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin yaxın günlərdə öz işinə başlayacaq parlamentin 2019-cu il yaz sessiyasının gündəliyinə salınacağını və müzakirələrə çıxarılacağını bildirib.
“Qanun layihəsi tam hazıdır, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Yəqin ki, bu ilin yaz sessiyasında qəbul ediləcək”, - deyə M.Quliyev əlavə edib.
Mənbə:> Oxu.Az