Badamdarda sürüşmənin üst hissəsində uçqunlar baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik davam etməkdədir.
Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.
* * *12:37
Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.
Qeyd olunub ki, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb: "Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb".
* * *10:33
Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.
Mənbə:> Virtualaz.org