Gündüz İsmayılov: Ölkədəki dini ədəbiyyatın böyük qismi tərcümədir
Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflər idisə, bu il həmin rəqəm 23 faiz olub. Bu göstərici bizi qane etmir.
Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə 42 rəsmi dini mağaza fəaliyyət göstərir:
“Dini mağazalara icazələrin verilməsi proseduru davam etdirilir. Ölkədə çap olunan dini ədəbiyyatın böyük hissəsi, əsasən, tərcümə olunanlardır. Hədəfimiz xaricdən ölkəyə idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəbiyyatların sayını artırmaqdır.
Bu istiqamətdə xeyli işlər görülüb. Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflər idisə, bu il həmin rəqəm 23 faiz olub. Bu göstərici bizi qane etmir”.
Gündüz İsmayılov bildirib ki, zərərli dini ədəbiyyatların ölkəyə gətirilməsi və bunun qarşısını almaq əsas hədəf deyil:
“Əsas odur ki, yerli müəlliflərin sayını artıraq. Çünki xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini, xalqın dünyaya baxış bucağını özündə ehtiva edir. Bu nöqteyi nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Komitənin maliyyə vəsaiti hesabına 100-dən artıq adda dini ədəbiyyat ölkədə çap olunub.
Hər zaman dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir. Əvvəlki illərlə müqayiqəsədə, bu gün ölkədə zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb”.
Mənbə:> Oxu.Az