Azərbaycanı bu payızda nə gözləyir?
Azərbaycanın müvafiq strukturları artıq indidən payız mövsümündə mümkün leysan və hətta sellərə hazırlaşmalıdırlar.
Bu barədə Oxu.Az-a azərbaycanlı ekoloq, Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda payız artıq başlayıb və daha istiləri gözləmək lazım deyil.
"Azərbaycanda hədsiz yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsaslar var. Bəzi hallarda yağıntılar iqlim normasını aşacaq”, - deyə Zeynalov bildirib.
O qeyd edib ki, Sovet İttifaqı dövründən Azərbaycanda iqlim dəyişmələri normal öyrənilməyib:
"İqlimə stratosferdəki hava axınları təsir göstərir. Onlara Rossbi dalğaları deyilir. Bu, havaya ciddi təsir göstərən yuxarı küləklərin nəhəng əyriləridir. Azərbaycanda dəqiq uzunmüddətli proqnoz verə bilmirlər, çünki bu hava axınlarını heç kim öyrənmir.
Bu günlərdə Ekologiya Nazirliyində oldum və orada meteoroloqlarla söhbət etdim. Onlar özləri etiraf edirlər ki, xarici mənbələrdən materiallar götürürlər. Azərbaycandakı müşahidə məntəqələri də yanlış, lazım olmayan yerlərdə qurulub”, - deyə ekoloq vurğulayıb.
Hələ payızda Oxu.Az-a yayın hava proqnozunu termometrlərin göstəricilərinədək düzgün verən Zeynalov vurğulayıb ki, bu qış Azərbaycanda şaxtalı hava iqlim normasından bir neçə dərəcə aşağı olacaq.
Qeyd edək ki, Azərbaycanda rekord aşağı temperatur göstəricisi – 11 dərəcə şaxta Bakıda, 8 fevral 2012-ci il tarixində qeydə alınıb.
Mənbə:> Oxu.Az