“Lukoil”lə bağlı daha bir biabırçı fakt - 20 manatlıq benzin 650 manata başa gəldi
Azərbaycanda bəzi, xüsusən regionlarda yerləşən yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinin çox aşağı olması və tez-tez fırıldaqları ilə gündəmə gələn "Lukoil”lə bağlı daha bir şikayət var.
BakuPost xəbər verir ki, bu barədə sürücü Mədət Adışov sosial şəbəkədə yazıb. O, Yardımlı və Salyan rayonlarında yanacaq doldurma məntəqəsində vurduğu benzinin avtomobilini sıradan çıxardığını deyib.
Bildirib ki, keyfiyyətsiz 20 manatlıq benzin ona 650 manata və mənəvi ziyana başa gəlib.
"İstirahətdən qayıdarkən Yardımlıdakı yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Benzinin keyfiyyətini soruşanda oradakı işçilərdən biri "nə yaxşı, nə də ki, pis deyə bilərəm” deyə cavab verdi.
Benzinim az idi, yolda qalmamaq üçün 20 manatlıq Aİ-92 markalı yanacaq doldurdum. Yol boyu maşın sürət yığmasa da, əlavə problemlər də yaratmadı. Fikirləşirdim ki, Salyana çatarıq, orada yəqin nisbətən daha keyfiyyətli yanacaq olar. Salyanın Qızılağac kəndi ərazisində yanacağın qurtarma ehtimalı olduğunu nəzərə alıb yaxınlıqdakı "Lukoil” yanacaqdoldurma məntəqəsinə döndüm. "Yanacağınız yaxşıdırsa, 20 manatlıq doldurun” dedim. "Keyfiyyətə söz ola bilməz” dedilər. Yanacağı alıb, yola düzəldik. İki-üç kilometrdən sonra maşın "ayağını yerə verdi”. Qaz verdikcə təzyiq aşağı düşür, sönürdü. Bir neçə dəqiqədən sonra yenidən maşını işə salanda yola düşür, iki-üç kilometrdən sonra həmin hadisə yenidən təkrarlanırdı”
M. Adışov 3 saat sonra Ələtdəki "SOCAR” yanacaqdoldurma məntəqəsinə çatıb: "Burada 20 manatlıq "Premium” markalı benzin əlavə etdik ki, bəlkə bizi Bakıya çatdırar. Maşın "öskürə-öskürə” zorla bizi Bakıya çatdırdı. Növbəti gün maşını usta yanına apardım. Yaranan problemləri aradan qaldırmaq mənə 650 manata başa gəldi”.
Sürücü bu hadisə zamanı avtomobildə olan nəvələrinin mənəvi zərər gördüyünü deyib: "Kürsəngi ətrafında 40 dərəcə istidə maşın hər xarab olduqca, nəvələrim həyəcanlanır,"Baba, bəs nə olacaq? Burda qalacağıq? Mən də onları güclə sakitləşdirirdim.
Bu kimi hallarla yəqin ki, gündə yüzlərlə sürücü rastlaşır. Amma şikayətin mənasız olduğunu düşünərək şikayət etmirlər. Bir vaxtlar "biz benzini Avropa standartlarına uyğunlaşdırırıq deyərək qiymətləri qaldırmaq üçün min oyundan çıxan Standartlaşdırma və Metrologiya Komitəsi, Dövlət Neft Şirkəti və digər istehlakçıların hüquqlarının qorunması adı altında qondarma quraşdırılmış təşkilatlar belə hallara nə qədər məsuliyyətsiz yanaşacaqlar?”
Qeyd edək ki, mətbuatda dəfələrlə "Lukoil"lə bağlı şikayətlər dərc olunub. Müxtəlif vaxtlarda edilmiş şikayətlərin əksəriyyətində sözügedən YDM-də sürücülərin aldadıldığı, benzinin daha az vurulduğu bildirilib. Bəzi sürücülər bu yanacaqdoldurma məntəqələrini boykot etməyə səsləyiblər. Bəzilər isə analoji halların bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini yazıblar. Çoxluq isə bu fikirdədir ki, sürücülərə qarşı ən çox dələduzluq hallarına məhz "Lukoil” YDM-də rast gəlinir.
Mənbə:> BakuPost.az