Elmar Vəliyevlə birlikdə güllələnən Qasım Aşbazov haqqında daha bir fakt üzə çıxdı
Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsd cinayətində ağır yaralanan mühafizəçi-polis Qasım Aşbazov haqqında yeni bilgilər üzə çıxıb.
Metbuat.az-ın araşdırması zamanı bəlli olub ki, özünü icra başçısına görə güllənin qabağına verməsi Qasım Aşbazovun ilk qəhrəmanlığı olmayıb. Belə ki, o, bir neçə il əvvəl daxili qoşunların əsgəri olduğu zaman “Meşə Qardaşları” əməliyyatında da xüsusi şücaəti ilə seçilib. Qasım Aşbazov terrorçuların zərərsizləşdirilməsində ona verilən əməliyyat tapşırıqlarını yüksək səviyyədə həyata keçirib. Buna görə də o, Daxili Qoşunların Komandanlığı tərəfindən təltif olunub.
Hərbi xidmətini başa vuran Qasım Aşbazov dərhal daxili işlər orqanlarına işə qəbul edilib.
Araşdırmamız zamanı onu da öyrəndik ki, Qasım Aşbazov Elmar Vəliyevin mühafizəçisi olmayıb. İcra başçısının özü ilə bərabər gəzdirdiyi mühafizəçisi Yevlaxdan gəlib və onun öz qohumudur. Qasım Aşbazov isə sadəcə ərazidə xidmət aparan polis əməkdaşı olub.
Bu yaxınlarda ailə həyatı quran Qasım Aşbazov Gəncədə kirayədə yaşayır.
Hazırda Gəncədəki Beynəlxalq Klinikada müalicə alan Qasım Aşbazovun sağlıq durumu yaxşılaşıb. Bir neçə günün onun evinə buraxılacağı deyilir.
Mənbə:> Metbuat.az