Səhiyyə Nazirliyi alpinistlərlə bağlı komissiya yaratdı
Cəsədləri tapılmış alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərhal komissiya yaradılıb. Komissiyaya 3 nəfər rəhbərlik edir.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, alpinistlərdən ikisinin meyiti ailələrinə təhvil verilib. Fəridə Cəbrayılzadənın nəşi Masallı rayonuna, Namin Bünyatzadənin cənazəsi isə Şəmkir rayonuna aparılıb. Babur Hüseynovun nəşi yaxın saatlarda ailəsinə təhvil veriləcək. Komissiyaya Quba rayon ekspertiza şöbəsinin rəhbəri Çingiz İsgəndərov, Xaçmaz rayon ekspertiza şöbəsinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon ekspertiza şöbəsinin başçısı Nizami Qasımov rəhbərlik edirlər. Onlar istintaq, araşdırma-axtarış qrupu ilə birlikdə gecə saatlarında Xınalığa gediblər. Cəsədlər Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib və laborator müayinələrə başlanılıb. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayinələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba Rayon Prokurorluğuna veriləcək”, - S.Əhmədova deyib.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.
Mənbə:> Virtualaz.org