Sabah axşamdan hava dəyişəcək: şimşək, yağış, dolu...
Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Mayın 8-i axşamdan isə qərb rayonlarından başlayaraq mayın 11-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
Mənbə:> Virtualaz.org